Belçika Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə qarşı çıxdı

Dünya

30.08.2025 13:30

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündə iştirak edən Belçikanın xarici işlər naziri Maksim Prevo bəyan edib ki, Brüssel Rusiyanın dondurulmuş aktivlərinin istənilən formada müsadirəsinə qarşıdır.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Nazirin sözlərinə görə, bu aktivlər Rusiyaya təzyiq göstərmək üçün bir vasitə kimi saxlanılmalı, lakin birbaşa müsadirə olunmamalıdır:

“Belçika rus aktivlərinin istənilən formada müsadirəsinə qarşıdır. Bu aktivlər Rusiyaya təzyiq rıçaqı kimi istifadə olunmalıdır. Onlar dondurulmuş şəkildə qalmalıdır – ta ki, Rusiya Ukraynaya vurduğu bütün zərəri ödəyənədək”.

Prevo vurğulayıb ki, sözügedən aktivlərin çoxu suveren xarakter daşıyır və beynəlxalq hüquqla qorunur. Onların müsadirəsi Avropanın maliyyə sabitliyinə zərbə vura və bütün Avropa İttifaqı üçün sistemli riskə çevrilə bilər:

“Suveren aktivlər beynəlxalq hüquqla qorunur. Onların müsadirəsi Avropa üçün maliyyə sabitliyini poza, ciddi sistemli risk yarada bilər”.

Belçika naziri əlavə edib ki, Aİ artıq bu dondurulmuş aktivlərdən əldə edilən gəlirləri Ukraynaya dəstək məqsədilə istifadə edir.

Maksim Prevo çıxışını bu sözlərlə tamamlayıb:

“Əgər istəyiriksə ki, qaz qızıl yumurta verməyə davam etsin, onu kəsməyə dəyməz”.

Töhfə Səməd

tag: Belçika,Rusiya,Aktiv,Müsadirə,Todaypress.tv,