Bayden avtopero qalmaqalını “absurd” adlandırdı
Dünya
05.06.2025 09:43
ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyası dövründə sənədlərin imzalanmasında avtoperodan istifadə ilə bağlı irəli sürülən sui-qəsd iddialarını “nonsens” və “yalan” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
“Prezidentliyim dövründə əfv qərarlarını, fərmanları, qanunvericilik təşəbbüslərini və proklamasiyaları şəxsən mən qəbul etmişəm. Əksini iddia edən fikirlər əsassız və uydurmadır”, - Bayden bu iddialara cavab verərək bildirib.
Bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Baydenin imza prosesində avtoperodan istifadə hallarını araşdırmaq üçün xüsusi təhqiqat başladıb. Ağ Evdən verilən açıqlamada bildirilib ki, araşdırma çərçivəsində Baydenin hansı sənədlərdə şəxsi imza əvəzinə avtopero istifadə etdiyi müəyyən ediləcək.
İstintaqın başlanmasına səbəb Nümayəndələr Palatasının hökumətə nəzarət və islahatlar komitəsinin sədri, respublikaçı Ceyms Komerin bəyanatı olub. O, Bayden administrasiyasında dörd əməkdaşın keçmiş prezidentin adından avtopero ilə sənədlər imzaladığını iddia edib və məsul şəxslərdən bu barədə izahat gözlədiklərini deyib.
Qiymət Mahir
tag: ABŞ,Cozef Bayden,Donald Tramp ,Ağ Ev,todaypress.tv,