Avtomobilinizi qışda belə saxlamayın! - Ekspertdən sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin uzun müddət saxlanılması zamanı bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. Xüsusilə qış aylarında avtomobili düzgün hazırlamaq onun texniki vəziyyətinin qorunmasına kömək edir.
TodayPress TV xəbər verir ki, bu barədə avtomobil eksperti və hüquqşünas Dmitri Slavnov “RT”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, avtomobil qışda saxlanılacaqsa, təkərlərin havasını bir qədər azaltmaq, mümkün qədər isti və quru dayanacaq yeri seçmək, qarajın divarlarını isə istilik izolyasiyası ilə örtmək tövsiyə olunur. Avtomobilin salonu da təmizlənməli və içəridə artıq əşyalar saxlanılmamalıdır.
Ekspert qeyd edib ki, yaydan qalan maye qablarının avtomobildə saxlanılması da problem yarada bilər. Soyuq havada maye donaraq plastik qabların və digər elementlərin zədələnməsinə səbəb ola bilər. Yağlanması tələb olunan hissələr, o cümlədən bəzi rezin elementlər də əvvəlcədən uyğun vasitələrlə işlənməlidir.
Slavnov, həmçinin şüşəsilənlərin çıxarılmasını məsləhət görüb. Onun sözlərinə görə, bu, şüşəsilənlərin yaylarının və rezin hissələrinin soyuq havada zədələnməsinin qarşısını almağa kömək edə bilər.
Aysel Mətləb