Avropa ABŞ silahlarından imtina etməyə hazırlaşır

Dünya

16.07.2025 18:45

Avropa İttifaqı ölkələri müdafiə sahəsində ABŞ-dən asılılığı azaltmaq üçün öz hərbi-sənaye komplekslərini gücləndirməyə qərarlıdır.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Avropa ölkələri silah tədarükündə ABŞ-yə deyil, yerli istehsalçılara üstünlük vermək istəyirlər.

Ekspertlərə görə, bu addım həm hərbi müstəqillik, həm də iqtisadi baxımdan önəmlidir.

Amerika Sahibkarlıq İnstitutunun eksperti Todd Harrison bildirib ki, Trampın NATO-ya soyuq münasibəti və gömrük rüsumları Avropanı alternativ yollar axtarmağa vadar edir. Onun sözlərinə görə, Avropa ölkələri hərbi xərcləri artırarkən vətəndaşlara göstərmək istəyirlər ki, bu pullar ABŞ-a yox, öz sənayelərinə yönəlir.

“Bruegel” analitik mərkəzinin eksperti Quntram Volf da bu fikri təsdiqləyərək qeyd edib ki, əvvəllər ABŞ-dən silah alınması qarşılığında Avropada Amerika hərbçilərinin yerləşdirilməsi razılaşdırılırdı. İndi isə Avropa ölkələrində yerli istehsalın artırılması ilə bağlı ciddi müzakirələr gedir.

Avropa Komissiyası artıq 800 milyard avroluq yeni silahlanma planı təklif edib. Bu plan çərçivəsində ölkələr 150 milyard avro borc alaraq Avropa istehsalı olan silahları birgə şəkildə almalıdır. Vəsaitin bir hissəsi Ukrayna üçün də silah istehsalına yönəldiləcək.

Qeyd edək ki, 2024-cü ildə Avropa ölkələri ABŞ-dən 21 milyard dollar dəyərində silah alıblar.

Qiymət Mahir

tag: Avropa ,ABŞ ,Avropa İttifaqı,Silah,Todaypress.tv,