Amerika pivələrində təhlükəli kimyəvi maddələr aşkarlandı
Dünya
23.05.2025 14:35
ABŞ-də aparılan araşdırmalar göstərib ki, yerli istehsal olan hər ikinci pivə stəkanında orqanizmdə toplanan və təbiətdə parçalanmayan polifloroalkil maddələr (PFAS) ola bilər. Alimlər tərəfindən aparılan testlər nəticəsində məlum olub ki, yoxlanılmış pivə növlərinin 95 faizində bu maddələr mövcuddur.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Environmental Science & Technology" jurnalında dərc edilib.
Tədqiqat göstərib ki, PFAS maddələrinin ən yüksək səviyyəsi artıq su çirklənməsi problemləri ilə tanınan ərazilərdə istehsal olunan pivələrdə qeydə alınıb. Xüsusilə, Şimali Karolinadakı Cape Fear çayı yaxınlığında yerləşən pivə zavodlarında bu maddələrin miqdarı olduqca yüksək olub. Hətta müasir filtrlər belə bu maddələrin sudan tam təmizlənməsində təsirsiz qalıb.
PFAS maddələri su, yağ və kirə qarşı davamlı olduqları üçün sənayedə geniş istifadə olunur. Lakin bu maddələr təbiətdə toplanır və onların xərçəng və digər xəstəliklərlə əlaqəli olduğu ehtimal edilir.
Alimlər xəbərdarlıq edirlər ki, bu problemi görməzdən gəlmək olmaz: pivə istehsalçıları və su təchizatı qurumları təmizləmə metodlarını yenidən gözdən keçirməli, istehlakçılar isə nə içdikləri barədə daha çox düşünməlidirlər.
Töhfə Səməd
tag: ABŞ,PFAS,Environmental Science,todaypress.tv,