Aİ Ukraynaya yardım ayırmağı planlaşdırır

Dünya

09.07.2025 10:33

Avropa İttifaqı (Aİ) Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün xüsusi fond yaratmağı və bu məqsədlə Ukraynaya 100 milyard avro (108 milyard ABŞ dolları) ayırmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bildirilir ki, bu vəsait Aİ-nin növbəti yeddi illik büdcəsinə daxil edilə bilər.

Təklif bu ayın sonunda təqdim olunacaq və üzv ölkələrin büdcə müzakirələri zamanı təsdiqlənəcəyi gözlənilir. Yardımın sabit şəkildə davam etməsi üçün ödənişlər 2028-ci ildən başlayaraq həyata keçiriləcək.

Nəşr qeyd edir ki, bu addım Ukraynaya dəstək yükünü ABŞ-dən daha çox Avropanın üzərinə qoyacaq. Çünki prezident Donald Trampın administrasiyası Kiyevə əlavə yardım məsələsinə ehtiyatla yanaşır və son zamanlar bəzi silah tədarükünü qısa müddətə dayandırıb.

Yeni fondun mövcud model, yəni Aİ-nin Ukraynaya qrantlar və aşağı faizli kreditlər təqdim etməsi əsasında qurulacağı bildirilir. Ödənişlərin böyük hissəsi isə Ukraynanın Aİ-yə üzvlük üçün həyata keçirməli olduğu islahatlara bağlı olacaq.

Türkan İsgəndərli

tag: Aİ,Ukrayna,Yardım,Fond,Todaypress.tv,