ABŞ zərbələrindən sonra Tehran sərt addımlara hazırlaşır
Dünya
22.06.2025 22:15
ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi son hava zərbələrindən sonra İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını dəstəkləyib.
TodayPress TV xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rəzai “Tasnim” agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, komitə üzvləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) fəaliyyətini sərt şəkildə tənqid edərək İranın bu qurumla əməkdaşlığının dayandırılması və ya tamamilə ləğv olunması çağırışı ilə çıxış ediblər. Deputatlar həmçinin növbəti parlament iclasının gündəliyinə İranın NPT-də iştirakının yenidən nəzərdən keçirilməsi və bu müqavilədən çıxmaq təklifinin salınmasını istəyiblər.
Komitənin fövqəladə iclasında İranın Atom Enerjisi Təşkilatının (AET) nümayəndəsi və Xarici İşlər Nazirliyinin müavini də iştirak edib. AET rəsmisi parlament üzvlərini əmin edib ki, ABŞ-nin Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən obyektlərə endirdiyi zərbələrdən sonra bütün zəruri təhlükəsizlik tədbirləri görülüb və hazırda vəziyyət narahatlıq doğurmur.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə “Qalxan Şir” adlı hərbi əməliyyata start verərək İranın nüvə proqramını hədəfə almışdı. Bundan dərhal sonra İran cavab zərbələri endirib. Ard-arda baş verən qarşılıqlı hücumlar nəticəsində vəziyyət daha da gərginləşib. Son olaraq, ABŞ iyunun 22-nə keçən gecə İranda yerləşən üç əsas nüvə obyektinə zərbələr endirib.
Töhfə Səməd
tag: ABŞ,İran,Nüvə,AEBA,todaypress.tv,