ABŞ Türkiyədəki səfirini Suriya üzrə xüsusi nümayəndə təyin edəcək

Dünya

21.05.2025 18:46

ABŞ prezidenti Donald Trampın uzunmüddətli müşaviri və hazırda Türkiyədəki səfiri olan Tomas Barakın Suriyada xüsusi nümayəndə təyin olunacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla yayıb.

Barakın yeni vəzifəyə təyinatı Trampın ötən həftə Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv ediləcəyinə dair verdiyi bəyanatdan sonra gündəmə gəlib. Dövlət Departamentinin nümayəndəsi məsələ ilə bağlı sualları şərh etməkdən imtina edib və bildirib ki, hazırda bu barədə heç bir rəsmi açıqlama yoxdur.

Məlumata görə, birbaşa investisiyalar üzrə şöbəyə rəhbərlik edən və Trampa uzun illər məsləhətçilik edən Barak, 2016-cı ildə Trampın inauqurasiya komissiyasına da başçılıq edib. Bildirilir ki, o, Türkiyədəki səfir vəzifəsini davam etdirəcək.

Mənbələrin verdiyi məlumata əsasən, Barak bu ayın əvvəlində Ankaraya səfəri zamanı aktiv diplomatik fəaliyyətlə məşğul olub. Onun Türkiyənin xarici işlər naziri Hakan Fidanla işgüzar naharda iştirak etdiyi, daha sonra ABŞ dövlət katibi Marko Rubionun müşayiətilə Antalyada Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şibani ilə görüşdüyü bildirilir. Bu görüşlərin təşəbbüskarı da məhz Fidan olub. Barak və Rubio həmçinin Türkiyə və Ukrayna hökumətlərinin nümayəndələri ilə görüşüblər. Bu müzakirələr Rusiya rəsmiləri ilə planlaşdırılan və son üç ildə ilk birbaşa atəşkəs danışıqları hesab edilən görüşlər ərəfəsində baş tutub.

ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı qeyd edib ki, Türkiyədəki ABŞ səfirliyinin əməkdaşlarına, o cümlədən Baraka, Suriyadakı yerli rəsmilərlə işləməyə və onların hansı yardıma ehtiyac duyduqlarını müəyyənləşdirməyə icazə verilib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Türkiyə,Səfir,Tomas Barak,todaypress.tv,