ABŞ naziri Aİ-nin enerji siyasətini tənqid etdi

Dünya

26.09.2025 11:33

ABŞ-nin təbii resursların idarə olunmasına cavabdeh olan daxili işlər naziri Duqlas Berqam Avropa İttifaqının yaşıl enerji siyasətini tənqid edib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox Business” telekanalına verdiyi açıqlamada bildirib.

Onun fikrincə, bu siyasət Aİ ölkələrində elektrik təchizatının etibarlılığı və sabitliyinin azalmasına səbəb olub.

“Avropa ölkələrinin dəstəklədiyi, tamamilə bərpa olunan enerji mənbələrinə keçidi nəzərdə tutan “yaşıl enerji” onlara milyardlarla dollara başa gəldi. Nəticədə isə etibarsız və qeyri-sabit elektrik təchizatı ilə üz-üzə qaldılar. Külək və günəş enerjisi yüksək xərc tələb etməsinə baxmayaraq, gözlənilən nəticələri vermir. Almaniya öz yaşıl enerji xəyalına sadiq qalaraq 500 milyard dollar xərcləyib, amma nəticədə elektrik enerjisinin 20%-ni əvvəlkindən üç dəfə baha qiymətə istehsal edir. Belə qiymətlərlə heç kim Almaniyada süni intellekt mərkəzi qurmayacaq. Kim bu şərtlərlə bunu edər ki?”, - deyə Berqam vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Nazir,Aİ,Tənqid,Todaypress.tv,