ABŞ-də qalmaqal: Baydenin ətrafı onun əqli vəziyyətinin pisləşdiyini illər əvvəl bilirmiş
Dünya
01.06.2025 22:00
ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin ətrafı onun əqli qabiliyyətlərinin zəifləməyə başladığını hələ 2019–2020-ci illərdə bilirmiş, lakin bu məlumat ictimaiyyətdən gizlədilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Konqresmeni Ronni Cekson “Fox News” telekanalına verdiyi müsahibədə bəyan edib.
Cekson həm də Ağ Ev lideri Donald Tramp və sabiq prezident Barak Obamanın şəxsi həkimi kimi çalışıb.
“Düşünürəm ki, artıq 2019–2020-ci illərdə onun (Baydenin – red.) kognitiv problemləri olduğunu bilirdilər. Bu məsələni pərdəarxası müzakirə etmiş və qərara gəlmişdilər ki, bu sirri Baydenin şəxsi həkimi Kevin O Konner qoruyub saxlaya bilər”, – deyə Cekson bildirib.
Konqresmen hesab edir ki, O Konner Baydenin ətrafı tərəfindən məhz bu məqsədlə “lazım gəldikdə istənilən məlumatı gizlətməyə kömək edəcək bir şəxs” kimi işə götürülüb.
Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin Nəzarət və Dövlət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komer açıqlama verərək istisna etməyib ki, Cozef Bayden prezidentliyi dövründəki fiziki və əqli vəziyyəti ilə bağlı ifadə vermək üçün Kapitoli təhqiqatlarında dinləməyə çağırıla bilər.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt də Baydenin fəaliyyət qabiliyyəti ilə bağlı rəsmi ifadə verməsinin və bu barədə həyat yoldaşı Cill Baydenin də şahidlik etməsinin məqsədəuyğun olacağını bildirib.
Töhfə Səməd
tag: ABŞ,Cozef Bayden,Ronni Cekson,Konqresmen,todaypress.tv,