ABŞ bəzi reyslərdə “Starlink” xidmətini dayandırdı
Dünya
08.06.2025 20:15
ABŞ-nin “United Airlines” aviakompaniyası bəzi daxili reyslərində “Starlink” peyk internetinə çıxışı müvəqqəti olaraq dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “PCMag” nəşri məlumat yayıb.
Məlumata görə, problem may ayında istifadəyə verilmiş “Starlink” xidmətinin bəzi təyyarələrdə uçuş rabitə sistemləri ilə eyni anda işləyərkən yaratdığı statik maneələrlə bağlıdır. Həmin maneələr pilotlarla dispetçerlər arasındakı əlaqəyə təsir edə bilər.
Kampaniya çərçivəsində sərnişinlərə pulsuz təqdim edilən bu xidmətin ilkin sınaqları zamanı yüksək sürət və sabitlik müşahidə olunmuşdu. Şirkət 2025-ci ilin sonunadək bütün daxili təyyarə parkını “Starlink” ilə təchiz etməyi planlaşdırırdı.
Hazırda xidmət təxminən iyirmi “Embraer E175” tipli təyyarədə dayandırılıb. Aviakompaniya təsdiqləyib ki, nasazlıq məhz “Starlink” terminalları ilə uçuş rabitə antenalarının paralel işləməsi zamanı yaranan texniki müdaxilələrlə bağlıdır. Lakin şirkət bunun uçuş təhlükəsizliyi üçün risk yaratmadığını vurğulayıb.
Uçuşların ləğvi nəzərdə tutulmur. Problemli təyyarələr planlı texniki baxışdan keçirilərək maneənin aradan qaldırılması təmin ediləcək.
Qiymət Mahir
tag: ABŞ,Təyyara,Starlink,İnternet,todaypress.tv,