20 ştat Trampı məhkəməyə verdi

Dünya

17.07.2025 13:21

ABŞ-nin 20 ştatı Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə təbii fəlakətlərə qarşı qorunmaya yönəlmiş federal qrant proqramının ləğv edilməsidir. 

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Şikayətçilər bildirirlər ki, Federal Fövqəladə Hallar İdarəsi (FEMA) tərəfindən həyata keçirilən "Dayanıqlı İnfrastruktur və İcmaların Tikintisi" proqramının birtərəfli şəkildə dayandırılması qanunsuzdur və hakimiyyət bölgüsünün əsas prinsiplərinə ziddir.

Məhkəmə iddiası qaldıran 20 ştatın böyük əksəriyyəti Demokratların nəzarətində olan ərazilərdir. Onlar bu proqram vasitəsilə iqlim dəyişikliyi risklərinin azaldılması, infrastrukturun gücləndirilməsi və icmaların uzunmüddətli davamlılığının təmin edilməsinə yönəlmiş layihələrə maliyyə alırdılar.

Məlumatda o da qeyd olunur ki, Daxili Təhlükəsizlik Departamenti, FEMA və departamentin rəhbəri Kristi Noem Axiosun şərh sorğusuna hələlik cavab verməyiblər.

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Məhkəmə,Demokratlar,Todaypress.tv,