Zahid Oruc: “Ukrayna müharibəsində zəifləyən Rusiya Azərbaycana qarşı imperiya xislətini işə salır"

Cəmiyyət

03.07.2025 10:33

“Ukrayna müharibəsi fonunda zəifləyən Rusiya Azərbaycana qarşı imperiya reflekslərini yenidən önə çəkdi”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc  “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatında deyib. 

O, son günlərdə Azərbaycan və Rusiya arasında baş verən gərginliyə münasibət bildirib:

“Son 30 ildə Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev və Qarabağın xilaskarı Prezident İlham Əliyev tarixin acı dərslərini düzgün qiymətləndirərək, Rusiyanı Ermənistanla müttəfiqlikdən uzaqlaşdırmaq üçün mümkünsüz görünən, tarixdə görünməmiş strategiya seçdilər. İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin uzaqgörən planı qalib gəldi. Rus ordusu Vətən müharibəsində erməni əsgəri ilə eyni səngərdə mövqelənmədi, Xankəndi zəfərində Moskva Azərbaycanın bütövlük və suverenlik savaşına qarşı çıxmadı. Uzun illər aparılan imperiya siyasətindən fərqli olaraq, Azərbaycanın neytral mövqeyi və haqlı siyasəti Moskvada da qəbullanmağa başlandı. Lakin Ukrayna müharibəsi fonunda zəifləyən Rusiya Azərbaycana qarşı imperiya reflekslərini yenidən önə çəkdi. Söhbət təkcə uniformalı qəddarlıqdan getmir, təhlükə hüquqa zidd, etnik təmizləməni təşviq edən düşüncələrin dirçəlməsidir. Səbəb qanunsuzluqlar deyil, Azərbaycanın qələbəsini və Rusiyasız sülh sazişini qəbul etməyən, ölkəmizin müstəqil qərar verməsindən narahat olan qüvvələrdir”.

Millət vəkili ölkəmizin gücündən bəhs edib:

“Soydaşlarımızı qoruyan, 50 milyonluq dünya azərbaycanlıların lideri İlham Əliyevin qələbəmizi möhkəmləndirən siyasətini xalqımız müdafiə edir, Kreml strateqlərini yanlış siyasətdən imtinaya çağırır. Son iki yüz ildə Azərbaycan heç zaman indiki qədər güclü və təhlükəsizlik adası olmayıb". 

Qiymət Mahir

tag: İrəvan ,Xanlıq,Mətbəx,Tədbir,Todaypress.tv,