Yay mövsümündə Bakıda sıxlıq niyə azalmır? – Akademik problemin həllini göstərdi
Cəmiyyət
24.07.2025 17:17
Yay mövsümü olmasına baxmayaraq, paytaxtda hələ də insan və avtomobil sıxlığı müşahidə olunur.
Maraqlıdır, buna başlıca səbəb nədir?
Məsələyə münasibət bildirən akademik Cahid Həsənov TodayPress TV-yə danışarkən bildirib ki, bu problemin əsas səbəblərindən biri şəhərin mərkəzində yerləşən inzibati və təhsil obyektləridir.
“Bir şəhərsalma memarı olaraq təcrübəmdən deyə bilərəm ki, sıxlığın azalması üçün şəhərin ən mərkəzi hissəsində yerləşən tədris ocaqları şəhərdən kənara köçürülməlidir. Əgər bu mümkün deyilsə, onların ətrafında müasir yataqxanalar olmalıdır ki, tələbələr gündəlik olaraq uzaq məsafədən hərəkət etməyə məcbur qalmasın”.
Memar qeyd edib ki, təkcə təhsil müəssisələri deyil, inzibati binalar da şəhərdən kənara daşınmalıdır:
“Məsələn, Energetika Nazirliyi Mingəçevirə, Kənd Təsərrüfatı Nazirliyi Bərdəyə, Gəncəyə, musiqi ilə bağlı konservatoriyalar və təhsil ocaqları isə Qarabağa, Ağdama köçürülə bilər. Bu, təkcə tıxac probleminə yox, eyni zamanda regionların inkişafına da töhfə verər”.
Onun sözlərinə görə, dövlət qurumlarının və ali təhsil müəssisələrinin yaşayışın az olduğu ərazilərə köçürülməsi həmin zonalarda tikinti sektorunun da inkişafına səbəb olacaq. İnstitutlar, qurumlar Xocəsən, Ələt kimi yerlərə köçürülsə, inşaat şirkətləri də həmin zonalara maraq göstərəcək. Beləliklə, ərazilər canlanacaq, şəhər mərkəzindəki sıxlıq azalacaq.
Akademik əlavə edib ki, inzibati orqanların bir neçə fərqli ünvanda yerləşməsi vətəndaşların da vaxta və nəqliyyata daha çox ehtiyac duymasına səbəb olur. Bunu aradan qaldırmaq üçün aidiyyəti qurumların bir binada cəmlənməsi və nəqliyyat infrastrukturunun, metro stansiyalarının, yeni prospektlərin, şoselərin artırılması vacibdir.
Cahid Həsənov sonda qeyd edib ki, inzibatiləşmənin şəhər mərkəzindən kənara yönəldilməsi həm özəl sektora, həm tikinti bazarına, həm də şəhərsalmaya müsbət təsir edəcək və Bakının sıxlıq problemi əhəmiyyətli dərəcədə azalacaq.
Türkan İsgəndərli
tag: Cahid Həsənov,Memar,Bakı,Sıxlıq,Todaypress.tv,
