Psixoloq: “Ailə qurmaq bu problemləri həll etmir”

Cəmiyyət

10.06.2025 16:34

“Ailə qurmaq çox gözəl bir sosial və emosional təməldir, lakin psixoloji və psixiatriya sahəsində məlumdur ki, ciddi psixoloji problemlər, xüsusilə narkomaniya, ağır depresiyalar və psixotik pozuntular yalnız evlənməklə və ya ailə qurmaqla həll olunmur. Əksinə, bu cür problemlər müalicə olunmadan ailə qurulduqda həm fərdin özü, həm də ailə üzvləri üçün ağır nəticələr doğura bilər”.

Psixoloq Zeynəb Əyyubova bu sözləri psixoterapevt Elmir Əkbərin fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, narkomaniya kimi bir asılılıq problemi kompleks müalicə tələb edir. Burada psixoterapiya, dərman müalicəsi və dəstək sistemi mühüm rol oynayır. 

“Belə bir vəziyyətdə sadəcə evlənmək bu problemin kökündən həll olunması üçün yetərli deyil və hətta yeni problemlərin yaranmasına səbəb ola bilər. Buna etimad sarsıntısı, ailədaxili zorakılıq, uşaqların psixoloji travması və başqalarını göstərmək olar”.

Psixoloq qeyd edib ki, psixoz kimi ağır psixi pozuntular da uzunmüddətli terapevtik və ya psixiatriya müdaxiləsi tələb edir. Belə vəziyyətdə olan şəxslərin əvvəlcə sağlamlıqlarını bərpa etmələri, sonra isə sosial münasibətlərə, o cümlədən evliliyə hazır olub-olmadıqları dəyərləndirilməlidir.

“Ailə qurmaq problemi gizlədə bilər, amma onu müalicə etməz. Əksinə, müalicə olunmayan problem ailə daxilində daha da dərinləşə və daha çox insanı təsirləndirə bilər. Psixoloji sağlamlıq ailə qurmazdan öncə mütləq şəkildə dəyərləndirilməli və ehtiyac varsa, mütəxəssis dəstəyi ilə problemin üzərinə gedilməlidir”, - deyə Zeynəb Əyyubova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, psixoterapevt Elmir Əkbər TodayPress TV-yə müsahibəsində bildirib ki, ailə qurmaq narkomaniya kimi problemləri həll etmir. Əksinə bu tərz problemlər daha ciddi fəsadlara çevrilir. 

Türkan İsgəndərli

tag: Zeynəb Əyyubova,Psixoloq,Evlilik,Problem,Todaypress.tv,