Xəzərə vurulmuş “qara ləkə”: Kimdir müqəssir?
Cəmiyyət
20.08.2025 12:52
Xəzər dənizi təkcə dünyanın ən böyük qapalı su hövzəsi deyil, həm də regionun ekoloji, iqtisadi və geosiyasi baxımdan ən həssas nöqtələrindən biridir. Lakin son illərdə bu nəhəng su hövzəsi getdikcə artan təzyiqlə üz-üzədir. Dəniz səviyyəsinin azalması, sənaye çirklənməsi və neft-qaz fəaliyyəti Xəzəri ciddi təhlükə altına salıb.
Son günlər aparılan müşahidə nəticəsində məlum olub ki, Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan böyük ləkə yaranıb.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Sevil Yüzbaşova bildirib ki, ləkənin yaranması ehtimalı dənizdəki platformalardan birində baş vermiş qəza ilə bağlıdır.
“Görünür, dənizdə hər hansı platformada və ya neftqaz infrastrukturu obyektində qəza baş verib. Bu kimi hallarda ictimaiyyətə dolğun məlumat verilmədiyi üçün tullantıların dənizə atılması ciddi narahatlıq doğurur. Mənim fikrimcə, müşahidə olunan çirklənmə neft ləkəsidir. Çünki balıqçılıq fəaliyyəti nəticəsində belə genişmiqyaslı ləkənin əmələ gəlməsi real deyil. Bu hal dəniz ekosisteminə ciddi ziyan vurur və məsul qurumların dərhal müdaxiləsini tələb edir”.
Ekoloq əlavə edib ki, yaranan ləkənin təmizlənməsi zəruridir və bunun üçün müxtəlif üsullar mövcuddur. O, vurğulayıb ki, yaranmış vəziyyət geopolitik aspektlərlə də əlaqəli ola bilər:
"Hadisənin arxasında Rusiya tərəfindən təşkil olunmuş təxribatın dayanması ehtimalı da nəzərdən keçirilir. Son günlərdə SOCAR-ın müxtəlif obyektlərinə qarşı həyata keçirilən hücumlar bu ehtimalı gücləndirir. Bu səbəbdən, enerji infrastrukturu ilə bağlı təhlükəsizlik tədbirlərinin artırılması və mümkün risklərə qarşı daha çevik yanaşma zəruridir".
Sevil Yüzbaşova diqqətə çatdırıb ki, çirklənmələr Xəzər dənizinin həm faunasına, həm də florasına ciddi ziyan vurur. Onun sözlərinə görə, dəniz səviyyəsinin azalması ilə yanaşı, ekoloji problemlər də artıq geniş miqyas almağa başlayıb və bu proses Xəzərin ümumi ekosistemini təhlükə altına salır.
Qeyd edək ki, “Publika.az”ın məlumatına görə, Xəzər dənizində aşkarlanan ləkənin ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir.
Türkan İsgəndərli
tag: Sevil Yüzbaşeva,Ekoloq,Xəzər,Ləkə,Todaypress.tv,
