Səhərlər enerji içkiləri içənlərin diqqətinə! – Mütəxəssis CİDDİ XƏBƏRDARLIQ edir

Cəmiyyət

30.07.2025 17:48

Enerji içkiləri xüsusilə gənclər arasında geniş istifadə olunur. Bəzi gənclər səhər oyanan kimi bu içkiləri qəbul edərək özlərini daha enerjili hiss etdiklərini bildirirlər.

Bəs səhər saatlarında belə içkilərin qəbulu hansı fəsadlara yol aça bilər? 

Qida tədqiqatçısı Asim Vəliyev bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, bu içkilərin əsas tərkibi kofein, şəkər, taurin, guarana və “B” qrupu vitaminlərindən ibarətdir.

Bunlar orqanizmdə stimullaşdırıcı təsir yaradır, beyin və sinir sistemini qısa müddətdə oyaq saxlayır. Acqarına kofeinli içkinin qəbul edilməsi isə mədə divarını qıcıqlandırır, bu isə qastrit və xora riskini artırır:  

“Kofein damarların daralmasına səbəb olur və hipertoniya problemi olan insanlar üçün təhlükəlidir. Enerji içkiləri yuxu-oyanıqlıq dövrünü poza bilir. Səhər qəbul edilsə belə, axşama qədər sinir sistemini yükləyərək yuxunu gecikdirə bilər”. 

Ekspert vurğulayıb ki, bu içkilər yüksək şəkərlə zəngindir. Bu, qanda qısa müddətdə şəkərin artmasına və daha sonra kəskin düşməsinə səbəb olur. Nəticədə halsızlıq və əsəbilik yarana bilər.

O əlavə edib ki, davamlı istifadə orqanizmi kofeinə öyrəşdirir və insan eyni effekti almaq üçün ondan getdikcə daha çox qəbul etməyə başlayır. Bu isə həm asılılıq yaradır, həm də ürək-damar sisteminə yük salır.   

“Əgər tibbi əks göstərişi yoxdursa, enerji içkilərindən gündə maksimum bir qutu və ya 250 ml-dən çox olmamaq şərtilə, günorta və ya fiziki yorğunluqdan sonra istifadə oluna bilər. Fiziki fəaliyyət zamanı da enerji içkilərini qəbul etmək düzgün deyil, çünki ürək döyüntüsünü artıra bilər. Kofeinli və spirtli içkilərlə birgə istifadə olunmamalıdır”.     

Asim Vəliyev qeyd edib ki, səhərə enerjili başlamaq üçün enerji içkiləri əvəzinə ilıq limonlu su, yaşıl çay və ya bal ilə qarışdırılmış ilıq su daha yaxşı seçimdir.  

Türkan İsgəndərli

tag: Asim Vəliyev,Tədqiqatçı,Enerji,İçki,Todaypress.tv,

photo