Uşaqlara qarşı zorakılıq niyə artır? – Sosioloq açıqladı

Cəmiyyət

30.05.2025 17:58

Sosial şəbəkələrdə Lənkəran şəhərində yerləşən "Kaspi Kids" uşaq bağçasında azyaşlılara qarşı şiddət göstərilməsi ilə bağlı videogörüntülər geniş müzakirələrə səbəb olub.

Görüntülərdə müəllimin uşağın başına vurduğu əks olunub.

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, hadisələrin ardıcıl şəkildə baş verməsi və geniş rezonans doğurmasına baxmayaraq, bəzi müəllimlər hələ də bu davranışlardan nəticə çıxarmır.

“Onlar əvvəlki hadisələrdən dərs götürmürlər. Görmürlərmi ki, uşağa qarşı zorakılıq edən müəllimlərin sonu nə ilə bitir? Təhsil müəssisəsində hər küncdə kamera var, uşaq evə gedəndə valideyninə hər şeyi danışa bilər. Bu müəllim öz hərəkətinin nəticəsini düşünmürmü? Aldığı zədənin izini valideyn görəcək. O zaman sən nə cavab verəcəksən?”, - deyə o, müəllimləri tənqid edib.

Ekspert vurğulayıb ki, uşaqların qorunmasında məsuliyyət daşıyan şəxslər, xüsusilə müəllimlər ən yüksək etik və peşəkar standartlara cavab verməlidirlər.

Sosioloq belə hallarda bağışlamanın deyil, ciddi hüquqi və inzibati cəzanın vacibliyini qeyd edib.

“Belə müəllimlər işdən azad olunmaqla kifayətlənməməlidirlər. Onlar hüquqi məsuliyyətə cəlb olunmalı, hətta zərurət yaranarsa, həbs edilməlidirlər. İctimai işlərə cəlb olunmalı, küçələri süpürməli, ictimai tualetləri təmizləməli, etdiyi əməlin ciddiyyətini anlamaq üçün cəmiyyət qarşısında məsuliyyət daşımalıdırlar”.

Həmçinin o, təklif edib ki, zorakılıq törətmiş şəxslərin təhsil sahəsinə qayıtmasının qarşısı alınsın. Mütəxəssisin fikrincə, bir müddət sonra onu başqa məktəbdə yenidən işə düzəlmək, bu insanların törətdiyi əməlin miqyasını azaltmaq deməkdir. Onlar bilməlidirlər ki, körpə uşağa qarşı edilən zorakılığın cəzası təkcə hüquqi deyil, eyni zamanda ictimai stiqma ilə də müşayiət olunacaq.

Türkan İsgəndərli

tag: Lalə Mehralı,Sosioloq,Uşaqlar,Zorakılıq,Todaypress.tv,

photo