Uşaqlara ad qoyarkən diqqətli olun! - Psixoloq XƏBƏRDARLIQ ETDİ
Cəmiyyət
05.08.2025 18:04
"Uşağa ad qoymaq sadəcə bir seçim deyil, bu, onun gələcək psixoloji durumu və cəmiyyətdəki rolu baxımından da mühüm məsələdir".
Psixoloq Aynur İskəndərova bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, valideynlər övladlarına ad seçərkən yalnız şəxsi təcrübələrinə və ya ailə böyüklərinin xatirəsinə əsaslanmamalı, həm də həmin adın uşağın gələcək şəxsiyyətinə və cəmiyyətdəki mövqeyinə uyğunluğunu nəzərə almalıdırlar:
"Uşağın xarakterinə və potensialına uyğun ad seçmək daha məqsədəuyğundur. İnsan böyüdükcə, xüsusilə gənclik dövründə, şəxsiyyəti formalaşdıqda, bəzən öz adına qarşı yadlıq hiss edə bilər. Bu da o deməkdir ki, həmin ad onun kimliyinə və xarakterinə uyğun gəlmir. 18 yaşdan sonra gənclər artıq öz kimliklərinin fərqinə varırlar. Bəzən hiss edirlər ki, adları onlara aid deyil və bu adla özlərini tam ifadə edə bilmirlər. Belə hallarda bəzi insanlar adlarını dəyişdirmək qərarı verirlər ki, bu da tamamilə normal bir prosesdir".
Psixoloqun fikrincə, bəzi adlar uşaqlıq dövründə həmyaşıdlar arasında lağ obyektinə çevrilir bu da uşağın özgüvəninə zərbə vura və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər:
"Verbal zorakılığa məruz qalan uşaqlarda özünə hörmət hissi azalır. Bu səbəbdən valideynlər ad seçərkən təkcə ənənəyə və ya ailəvi duyğulara yox, eyni zamanda uşağın gələcəyinə və sosial mühitə uyğunlaşmasına da diqqət yetirməlidirlər".
Aynur İskəndərova valideynlərə çağırış edərək bildirib ki, övladın gələcəyi, şəxsiyyəti və cəmiyyətdəki yeri nəzərə alınaraq ad seçiminə daha şüurlu və məsuliyyətli yanaşılmalıdır.
Qeyd edək ki, bu il Adlar və Soyadlar üzrə Komissiyaya ad dəyişikliyi ilə bağlı 300-dən çox müraciət daxil olub.
Türkan İsgəndərli
tag: Aynur İskəndərova,Psixoloq,
