Təhlükə yaradan SKUTER SÜRÜCÜLƏRİ – Onları hansı CƏZA GÖZLƏYİR?
Cəmiyyət
05.08.2025 18:09
Bakıda fərdi mobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə artdıqca, onların yaratdığı təhlükələr də artır. Son zamanlar bəzi skuter istifadəçilərinin avtomobillərin hərəkət istiqamətinə zidd şəkildə sürməsi və piyadalar üçün nəzərdə tutulmuş yollardan istifadə etməsi ciddi təhlükə mənbəyinə çevrilib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, bəzi skuter və motosikletlər dövlət qeydiyyat nişanı daşımadığı üçün onlara nəzarət etmək çətinləşir:
"Yalnız vizual müşahidə zamanı Dövlət Yol Polisi əməkdaşları yerində tədbir görə bilir. Bu isə hər zaman mümkün olmur".
Ekspertin sözlərinə görə, skuterlərin üzərində səs siqnalı sisteminin olması vacibdir və bu məsələ normativ sənədlərlə tənzimlənməlidir:
"Siqnal sistemi sürücünün təhlükəni öncədən bildirməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu nəqliyyat vasitələri yalnız onlara ayrılmış velosiped zolaqlarında hərəkət etməlidirlər. Artıq paytaxtın bir sıra küçələrində bu cür zolaqlar təşkil olunub və onların istifadəsi təşviq edilir".
Rövşən Həsənov əlavə edib ki, bu cür qayda pozuntusu yerində müəyyən edildikdə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, 40 manat cərimə tətbiq olunur. Lakin qeydiyyat nişanı olmayan skuterlərin sürücülərini müəyyənləşdirmək çox vaxt mümkün olmur:
"Belə hallarda nəzarətin əsas yolu ictimai qınaq və maarifləndirmə tədbirləridir. Bu sürücüləri yalnız sosial media və informasiya platformalarında ictimailəşdirməklə məsuliyyətə çağırmaq mümkündür. Texniki nəzarət, demək olar ki, həyata keçə bilmir".
Türkan İsgəndərli
tag: Rövşən Həsənov,Ekspert,Skuter,Sürücü,Todaypress.tv,
