Taksilər avtobus zolaqlarında dayana biləcək? – AÇIQLAMA
“Taksilərə avtobus zolaqlarında dayanmağa nəzarətli şəkildə icazə verilməlidir”.
Nəqliyyat eksperti Yasin Mustafayev bunu TodayPress TV-yə danışarkən deyib.
O diqqətə çatdırıb ki, beynəlxalq təcrübədə bir çox ölkələrdə taksilərə avtobus zolaqlarına daxil olmağa icazə verilir.
Lakin burada yalnız sərnişinləri endirmək və ya götürmək məqsədilə qısamüddətli dayanmaq nəzərdə tutulur.
Azərbaycanda isə bu praktika tətbiq olunmur və nəticədə taksilər, sərnişin üçün dayanmağa məkan tapa bilmədiyindən avtobus zolağında məcburi dayanır və cərimələnir.
“Bizdə bu qaydanın tətbiq edilməməsinə başlıca səbəb Bakıda taksi sayının normadan qat-qat artıq olmasıdır. Bütün inkişaf etmiş ölkələrdə taksi sayına ciddi məhdudiyyətlər qoyulub. Məsələn, hər 500 və ya 1000 nəfərə 1 taksi düşür. Bizdə isə bu göstərici 30 dəfə artıqdır. Bu səbəbdən də, həmin zolaqların istifadəsində istənilən rahatlıq ictimai nəqliyyatın effektivliyinə ciddi təsir göstərə bilər. Lakin bütün risklərə baxmayaraq, məhdud və nəzarətli şəkildə taksilərin bu zolaqlardan istifadə etməsi mümkündür”.
Ekspert, gələcəkdə bu məsələyə baxılmasını istisna etməyib. O bildirib ki, beynəlxalq təcrübədəki kimi sərnişinləri endirib-götürmək üçün müəyyən müddətə həmin zolaqlara daxil olmaq mümkün ola bilər.
Bu cür dəyişiklik həm vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırar, həm də taksi fəaliyyətinin daha planlı və optimallaşdırılmış şəkildə təşkilinə kömək edə bilər.
Qeyd edək ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.
Töhfə Səməd
tag: Yasin Mustafayev, Nəqliyyat,Taksi,Avtobus,Todaypress.tv,
