Sərnişinlər ADY-dən narazıdır: "Qatarlar gecikir, kondisioner isə işləmir" - SƏBƏB NƏDİR?
Cəmiyyət
12.08.2025 14:06
Abşeron dairəvi dəmir yolundan istifadə edən sərnişinlər intervalın uzun olması və hərəkət qrafiklərinin düzgün tənzimlənməməsindən narazılıq ediblər.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, problemin aradan qaldırılması məqsədilə 11 avqust tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət cədvəlinə və qrafikinə dəyişiklik olunub.
Onun sözlərinə görə, gecikmələrə səbəb Bakının Keşlə qəsəbəsində aparılan təmir işləri olub. Bu işlər qatarların hərəkətinə birbaşa təsir göstərib.
Bəxtiyar Hacıyev sərnişinlərin qatarlarda kondisionerlərin işləməməsi ilə bağlı şikayətlərinə də münasibət bildirib:
“Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.
Türkan İsgəndərli
tag: Bəxtiyar Hacıyev,ADY,Qatar,Qrafik,Kondisioner,Todaypress.tv,
