İş müsahibəsində niyə uğursuz oluruq? - Bədən danışır, dil susur...
Cəmiyyət
14.10.2025 17:25
İnsanın bədəni dilindən daha əvvəl danışır və bəzən dilin ifadə edə bilmədiklərini məhz bədən dili üzə çıxarır. Bu amil gündəlik həyatda böyük rol oynadığı kimi, iş müsahibələri zamanı da xüsusi əhəmiyyət daşıyır.
Neyrolinqvistik proqramlaşdırma (NLP) üzrə mütəxəssis, psixoloq Babək Bayramov TodayPress TV-yə açıqlamasında bildirib ki, iş görüşmələrində bədən dili insan haqqında ilkin təəssürat yaradan əsas vasitədir.
Onun sözlərinə görə, bədən dili şüuraltının dilidir, içəridə nə baş verirsə, bədən onu biruzə verir:
"Güvənsizlik və ya qeyri-səmimilik varsa, bədən onu gizlətmir. Burada xarici görünüş, səliqəli geyim və enerjili duruş çox önəmlidir. Sıxılaraq, tərləyərək və zəif səs tonu ilə danışmaq əvəzinə, özgüvənli danışmaq vacibdir. Məsələn, "keçmiş iş yerinizdən niyə ayrıldınız?" sualına tərəddüd etmədən, məqsədyönlü şəkildə cavab vermək insanı daha güclü göstərir".
Psixoloq əlavə edib ki, səs tonundakı qətiyyət aqressiyaya çevrilməməli, balanslı və xarizmatik olmalıdır. Müsahibə zamanı həm özünəyönəlik, həm də şirkətəyönəlik danışıq tərzi mühüm rol oynayır:
"İnsan özündən danışanda bitirdiyi təhsil müəssisələrini, kursları və bacarıqlarını vurğulamalıdır. Şirkətəyönəlik danışıqda isə həmin iş yerində özünü necə görəcəyi, motivasiyanı və potensialını göstərməlidir. Həmçinin gedəcəyi yerin mühitinə uyğun geyim seçmək də yaddaşda qalmağa kömək edir. Qarşı tərəfin səs tonuna və jestlərinə uyğunlaşmaq isə yüksək emosional zəka tələb edir”.
Babək Bayramov sonda vurğulayıb ki, iş müsahibələrində hiss edilən qorxu və həyəcanın idarə olunması uğurun açarlarından biridir.
Türkan İsgəndərli
tag: Babək Bayramov,Psixoloq,İş müsahibəsi,Uğursuz,Tdoaypress.tv,
