Qurban bayramında ət bahalaşacaq - AÇIQLAMA
"Qurban bayramı günlərində hazır ət satışında azalma müşahidə olunsa da, bu dövrdə kəsim üçün nəzərdə tutulan heyvanların satışında artım qeydə alınır".
İqtisadçı Elçin Rəşidov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, insanlar bayramda daha çox qurbanlıq heyvan alıb kəsərək pay verdikləri üçün ət bazarında gündəlik satışlar azalır. Əvəzində isə, xüsusilə kəsimə tam hazır vəziyyətdə olan heyvanlara tələbat artır və bu da qiymətlərə müəyyən təsir göstərir.
"Bazarda qiymət artımı olsa da, bu artım kəskin və gözlənilməz olmur. Çünki Qurban bayramı konkret tarixdə qeyd olunur və həm alıcılar, həm də satıcılar bu vaxta əvvəlcədən hazırlaşır. Nəticədə təklif də tələbatla uyğun şəkildə formalaşır və bazarda gözlənilməz sıçrayışlar baş vermir".
Ekspert vurğulayıb ki, yalnız gözlənilməz hadisələrdə, məsələn, heyvanlar arasında tələfat, idxal-ixrac problemi olarsa, qiymətdə kəskin dəyişikliklər baş verə bilər. Qeyd edək ki, ölkəmizdə Qurban bayramı 6-7 iyun tarixlərində keçiriləcək.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,Bayram,Ət,Todaypress.tv,
