Quran vasitəsilə gələcəyi öyrənmək olar? - İlahiyyatçıdan xəbərdarlıq
Cəmiyyət
07.10.2025 13:36
İnsanlar həmişə özləri haqqında məlumat öyrənməyə, başlarına gələn hadisələri inanclara bağlamağa meylli olublar.
Bir çox dindar insanlar məhz bu səbəbdən molla yanına gedir, Quran açdırırlar.
Lakin İslam dinində falçılıq və kahinlik ciddi şəkildə qadağan olunur.
Mövzu ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov TodayPress TV-yə açıqlamasında bildirib ki, qeybi, yəni gələcəkdə baş verəcək hadisələri heç kim bilmir:
"Quran açmaqla fala baxmaq və ya gələcəyi öyrənmək İslamda ciddi qadağan olunan bir məsələdir. Qeybi Allahdan başqa heç kim bilə bilməz. Quran insanlara haqqı göstərən, Allahdan qorxanlar üçün doğru yol göstəricisidir. Qurani-Kərimdə əvvəlki hadisələrdən, Allahın əmrlərindən, qüdrətindən danışılır, amma gələcək haqqında xəbər verilmir. Kiminləsə evlənəcəyini, üzərinə cadu olunub-olunmadığını demək yalandır və insanları aldatmaqdır".
İlahiyyatçı əlavə edib ki, bəzi şəxslər dini vasitəyə çevirərək insanlardan maddi qazanc əldə edirlər:
"Quran açmaqla gələcəyi demək böyük günahdır. Peyğəmbərimiz (s.ə.s.) buyurub ki, kim falçının yanına gedər və dediklərini təsdiqləyərsə, Məhəmmədə nazil edilən Qurani-Kərimə küfr etmiş sayılır. Buna görə də "sənə nəzər dəyib", "səndə qorxu var", "dua yazım, üzərində gəzdir" kimi ifadələr yalandır. İnsan duanı özü etməlidir. Nəzər və ya cadu qorxusu olan şəxslər "Ayətül-Kürsü", "Fələq" və "Nas" surələrini oxuyaraq Allaha sığınmalıdırlar".
Yaşar Qurbanovun sözlərinə görə, bu cür falçıların məqsədi insanları Quran adı ilə aldatmaqdır. Onlar Qurana hörmət edən insanların inamından istifadə edirlər.
Qeyd edək ki, son vaxtlar bir sıra şəxslər insanların dini savadsızlığından və çarəsizliyindən istifadə edərək maddi qazanc məqsədi güdürlər. Təəssüf ki, belə hallarda aldananlar çox olur.
Türkan İsgəndərli
tag: Quran,islam,Qeyb,Falçı,Todaypress.tv,
