“Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Cəmiyyət

14.07.2025 17:10

Azərbaycanın zəngin mədəni və təbii irsinin dünya səviyyəsində tanınması istiqamətində növbəti mühüm addım atılıb. 2025-ci il 6–16 iyul tarixlərində Paris şəhərində keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 47-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən təqdim olunan “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Bu qərar Azərbaycanın tarixi və mədəni sərvətlərinin beynəlxalq ictimaiyyətə daha geniş təqdimatı və qorunması baxımından əlamətdar hadisədir.

Qədim Qəbələ şəhəri Azərbaycanın qədim dövrlərdə iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, təxminən 2500 illik tarixi ilə Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Tarixi mənbələrdə adı eramızın I əsrindən qeyd olunan Qəbələ şəhəri uzun müddət regionun əsas siyasi və ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərmişdir. Qədim şəhərin bugünkü arxeoloji qalıqları onun zəngin tarixinin və inkişaf etmiş şəhər mədəniyyətinin bariz sübutudur.

Gəmiqaya isə Azərbaycanın ən qədim mədəniyyət nümunələrindən biridir və Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşir. Bu ərazi Tunc dövründən Orta əsrlərə qədər müxtəlif tarixi mərhələləri əks etdirən zəngin qayaüstü təsvirlərlə məşhurdur. Gəmiqaya petroqlifləri qədim insanların məişətini, inanclarını və bədii dünyagörüşünü əks etdirən nadir nümunələrdir və həm elmi, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır.

Azərbaycan Ekoturizm Assosiasiyası bu tarixi qərarı alqışlayır və bildirir ki, sözügedən abidələrin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi Azərbaycanın ekoturizm imkanlarını genişləndirmək üçün də böyük potensiala malikdir. Qədim Qəbələ və Gəmiqaya yalnız mədəni deyil, həm də təbii gözəllikləri ilə seçildiyindən, onların gələcəkdə ekoturizm marşrutlarına daxil edilməsi həm yerli, həm də beynəlxalq turistlər üçün xüsusi maraq doğuracaq. Bu, öz növbəsində, regionlarda yeni iş yerlərinin yaradılması, yerli icmaların rifahının yaxşılaşdırılması və dayanıqlı turizmin təşviqi baxımından mühüm addımdır.

Azərbaycan Ekoturizm Assosiasiyası vurğulayır ki, bu abidələrin gələcəkdə UNESCO-nun Dünya İrsi Siyahısına tam hüquqlu daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdirilməlidir. Bununla yanaşı, turistlərin təhlükəsizliyi və maarifləndirilməsi sahəsində də əlavə tədbirlər görülməlidirlər.

Bu mühüm qərar Azərbaycanın tarixi irsinin qorunması və dünya mədəni xəritəsində yerinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Eyni zamanda, ölkənin ekoturizm sektorunun inkişafına yeni bir təkan verəcək, Azərbaycanın təbii və mədəni sərvətlərinin dünya səviyyəsində təbliğinə xidmət edəcək. Azərbaycan Ekoturizm Assosiasiyası bu prosesə töhfə verməyə çalışacaq.

tag: UNESCO,Sessiya,Hesabat,47,Todaypress.tv,