Parklarda “skuter” istifadəsi: Təhlükəsizlik üçün nələri etmək lazımdır?

Cəmiyyət

26.09.2025 16:30

Son illərdə paytaxtda və digər şəhərlərdə skuterlərin istifadəsi genişlənib. 

Bu, bir tərəfdən müasir və ekoloji nəqliyyat vasitəsidirsə, digər tərəfdən piyadalar üçün ciddi narahatlıq yaradır. 

Xüsusilə parklarda, insanların gəzinti üçün seçdiyi ərazilərdə skuterlərin idarə olunması tez-tez qəzalarla nəticələnir, uşaqlar və yaşlılar üçün daha çox təhlükə yaradır.

Nəqliyyat eksperti Raqif Raufoğlu məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, bu problem təkcə Azərbaycana məxsus deyil. 

“Parklarda bunun üçün xüsusi zonalar ayrılır”

Onun sözlərinə görə, bəzi Avropa şəhərlərində oxşar narahatlıqlar olduğuna görə müəyyən qərarlar qəbul olunub:

"Məsələn, Parisdə skuterlərin parklarda sərbəst sürülməsi tamamilə qadağandır. Onlardan yalnız velosiped zolaqlarında istifadə etmək mümkündür. Bəzi hallarda isə parklarda bunun üçün xüsusi zonalar ayrılır və yalnız həmin məkanlarda sürmək icazəsi verilir".

“Skuter qadağan olunmuş zonaya daxil olduqda...”

Ekspert əlavə edib ki, texnoloji həll üsulları da tətbiq olunur. Belə ki, "GPS" sistemi ilə skuterlərə məhdudiyyət qoyulur. Yəni skuter qadağan olunmuş zonaya daxil olduqda avtomatik olaraq dayanır və işləməz hala gəlir:

"Almaniyada belə bir təcrübə var ki, istifadəçi qoruyucu dəbilqə olmadan skuter götürə bilmir. Hətta kirayə götürmək üçün kameranı açmaq və başlıq taxıldığını təsdiqləmək tələb olunur. Bu cür həm sürücünü intizamlı olur, həm də təhlükəsizlik artır".

Raqif Raufoğlu hesab edir ki, Azərbaycanda da skuterlərin parklarda istifadəsinə dair konkret qaydalar müəyyən edilməlidir. 

Mütəxəssisin fikrincə, ən düzgün çıxış yolu ya velosiped zolaqlarının istifadəsi, ya da parkların müəyyən hissəsində xüsusi zonaların ayrılmasıdır. 

"Bununla yanaşı, həm texnoloji məhdudiyyətlərin tətbiqi, həm də qoruyucu vasitələrin məcburi istifadəsi skuterlərlə bağlı təhlükələri minimuma endirə bilər", - deyə o, fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Raqif Raufoğlu,Ekspert,Park,Skuter,Todaypress.tv,

photo