Ombudsman: "Ölkəmizdə hər bir uşaq üçün bərabər imkanlar təmin edilib"
Cəmiyyət
01.06.2025 21:00
Dövlətimiz uşaqların hüquqlarının qorunmasını hər zaman prioritet istiqamət kimi müəyyən edib.
TodayPress TV xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.
"Uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında uşaqların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm müddəalar təsbit edilib. Konstitusiyanın “Ailə, uşaqlar və dövlət” adlı maddəsi uşaq hüquqlarının həyata keçirilməsində ailənin və dövlətin öhdəliklərini ehtiva edir. Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlı bölməsində bərabərlik, yaşamaq, azadlıq, təhsil, sağlamlığın qorunması, şəxsi toxunulmazlıq və digər hüquqlarla bağlı əks olunmuş mühüm müddəalar uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində baza rolunu oynayır.
Uşaqlar barəsində dövlət siyasəti uşaqlara diqqət və qayğının artırılmasına, onların müdafiəsinə, layiqli həyat səviyyəsinin təmininə, hərtərəfli inkişafına yönəlib
Yeni reallıqlar və çağırışlar nəzərə alınaraq, ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı yanaşmalar davamlı olaraq təkmilləşir, uşaq müdafiə sistemi gücləndirilir. Ölkəmizdə hər bir uşaq üçün bərabər imkanların təmin edilməsi, onların öz potensiallarını tam reallaşdırmaları üçün şəraitin yaradılması uşaqların cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşmalarına və gələcəkdə ölkəmizin ümumi inkişafında fəal rol oynamalarına zəmin yaradır", - deyə o, əlavə edib.
tag: Ombudsman ,Səbinə Əliyeva,1 İyun,Uşaq günü,todaypress.tv,