Müasir dövrün təhlükəsi: "Virtual ünsiyyət doğmalığı azaldır"

Cəmiyyət

27.10.2025 17:30

Günümüzün ayrılmaz hissəsinə çevrilən smartfonlar həyatımızı xeyli asanlaşdırsa da, onların sosial münasibətlərə mənfi təsiri getdikcə daha çox müzakirə olunur. Artıq bir çox insanlar doğmaları ilə görüşləri və söhbətləri real mühitdə deyil, telefon vasitəsilə virtual şəkildə həyata keçirirlər.

Bəs mobil telefonlar doğrudanmı doğmaları bir-birindən uzaqlaşdırır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Lalə Mehralı bildirib ki, internet və sosial şəbəkələr həyatımıza daxil olmamışdan əvvəl insanlar daha isti, səmimi və canlı münasibətlərə malik idilər.

Onun sözlərinə görə, indiki dövrdə hər şey virtuallaşıb:

"O zamanlar axşamlar bir yerə yığışar, söhbət edər, çay içər, birlikdə vaxt keçirərdik. Hər şey daha təbii idi. Amma indi ən doğmamızla belə internet, telefon vasitəsilə danışırıq".

Sosioloqun fikrincə, insan təbiəti sosial münasibətlərə ehtiyac duyur və bu, ruhi-psixoloji sağlamlıq üçün mühüm rol oynayır:

"Texnologiya nə qədər inkişaf etsə də, real ünsiyyətin, səmimi söhbətin verdiyi enerjini heç nə əvəz etmir. Biz getdikcə təkliyə meyllənirik, doğmalığımızı itiririk. Hər texnoloji yenilik bizə müsbət təsir etmir. Bizi biz edən dəyərlərdən uzaqlaşdıran yeniliklərə qarşı bir qədər mühafizəkar olmağı bacarmalıyıq".

Lalə Mehralı qeyd edib ki, virtual münasibətlər real ünsiyyəti əvəz edə bilməz və bu proses cəmiyyətin sosial bağlarını zəiflədir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Lalə Mehralı,Sosioloq,Virtual,Doğmalıq,Todaypress.tv,