Moped idarə edənlər üçün yeni qayda: Sürücülük vəsiqəsi məcburi ola bilər
Cəmiyyət
13.10.2025 16:33
Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni tənzimləmə gündəmdədir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında moped sürən şəxslər üçün sürücülük vəsiqəsinin məcburi edilməsi məsələsi müzakirə olunub.
“Bu addım qısa müddətdə müəyyən narazılıqlar yarada bilər”
TodayPress TV xəbər verir ki, məsələyə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, qərarın birbaşa təsiri moped sürücülərinə olacaq.
Onun sözlərinə görə, istifadəçilər kurslar keçməli, yenidən imtahan verməli, sürücülük vəsiqəsi almalı olacaqlar.
"Bu addım qısa müddətdə müəyyən narazılıqlar yarada bilər, çünki bir çox vətəndaş mopedləri məhz vəsiqə tələbi olmadığı üçün gündəlik nəqliyyat vasitəsi kimi seçirdi. Lakin uzunmüddətli dövrdə bu qərar qəzaların azalmasına, yol hərəkətində nizam-intizamın artmasına və nəqliyyat mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər".
Eldəniz Cəfərov vurğulayıb ki, xüsusilə paytaxt və böyük şəhərlərdə mopedlərin sayının kəskin artması, onların çox vaxt sürət, zolaq və təhlükəsizlik qaydalarına əməl etməməsi bu qərarın vacibliyini daha da artırır.
Qeyd edək ki, qanun layihəsinin əsas məqsədi mopedlərin istismarı qaydalarını təkmilləşdirmək, sürücülərin bilik və bacarıqlarını artırmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Yeni dəyişiklik qəbul edilərsə, moped sürən vətəndaşlar xüsusi təlim kurslarından keçməli, imtahan verməli və bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyalı vəsiqə əldə etməli olacaqlar.
Türkan İsgəndərli
tag: Eldəniz Cəfərov,Ekspert,Moped,Vəsiqə,Todaypress.tv,
