Millət vəkili: “Bir əfv minlərlə insanı sevindirir”
“Prezident İlham Əliyevin Əfv Sərəncamı on minlərlə insanın sevincinə səbəb olub”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, bu addım ölkə başçısının humanist siyasətinin növbəti təzahürüdür:
“Vaxtilə səhv addım atmış, lakin sonradan əməlindən peşman olan və cinayət yoluna bir daha qayıtmayacaq şəxslərin azadlığa buraxılması Azərbaycanın müasir dövlətçilik prinsiplərinə uyğundur. Onlar ailələrinə qayıtdıqdan sonra həm yaxınlarına bağlılıqlarını göstərəcək, həm də cəmiyyətə faydalı vətəndaşlar kimi fəaliyyət göstərəcəklər. Həmin şəxslər gələcəkdə gəncləri də səhv yoldan çəkindirməkdə rol oynaya bilərlər. Əfv yalnız fərdi deyil, eyni zamanda sosial-mənəvi təsirə malikdir. Bir nəfərin əfv olunması onun ailəsini, dostlarını, qonşularını da sevindirir. Bu baxımdan söhbət artıq minlərlə insanın sevincindən gedir”.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev hakimiyyəti dövründə imzaladığı çoxsaylı əfv sərəncamları və amnistiya aktları ilə humanizm prinsipinə sadiqliyini dəfələrlə sübut edib.
“Əsas istəyimiz odur ki, vətəndaşlar qanunlara əməl etsin, dövlətə və ailələrinə bağlı olsunlar və səhvlərini təkrarlamasınlar” deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı 200-dən çox şəxsə şamil olunub.
Töhfə Səməd
tag: Aydın Mirzəzadə,Deputat,Əfv,Sərəncam,Todaypress.tv,