“Ekonom” tarifli taksilər niyə yoxa çıxıb?
Cəmiyyət
25.06.2025 13:22
“Ekonom” tarifli taksilərin gecikməsi və ya tapılmaması sürücülərin razılaşdırılmış strategiyası ilə bağlı ola bilər”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bunu TodayPress TV-yə danışarkən bildirib.
Onun fikrincə, bəzi taksi sifarişi tətbiqlərində, xüsusilə də “Bolt” platformasında müşahidə edilən “ekonom” tarifli taksilərin sifarişlərə cavab verməməsi və müştərilərin konfort sinif seçiminə yönəldilməsi ehtimal olunan kommersiya razılaşmasının nəticəsi ola bilər.
“Bu sahədə müəyyən “sövdələşmə” ehtimalı mövcuddur. Yaxşı olardı ki, taksi şirkətləri bu məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama versinlər. Çünki təkrar yaşanan bu cür hallar artıq suallar doğurur və ictimai narazılığa səbəb olur”.
Ekspert onu da istisna etmir ki, bu, bəzi sürücülərin və ya operatorların öz maraqları çərçivəsində həyata keçirdiyi qeyri-rəsmi razılaşma da ola bilər:
“Hər şey mümkündür”, - deyə o əlavə edib.
Qeyd edək ki, istifadəçilər tərəfindən tez-tez səsləndirilən narazılığa əsasən, “ekonom” tarifli taksilər ya sifarişə cavab vermir, ya da sistem tərəfindən sifarişlər davamlı olaraq ləğv edilir. Bu səbəbdən tələsən sərnişinlər daha bahalı komfort sinif taksilər sifariş etməyə məcbur qalır.
Töhfə Səməd
tag: Eldəniz Cəfərov,Ekspert,Taksi,Ekonom,Todaypress.tv,
