Təhsil, tibb və sosial sahədə normalar ARTIRILDI: Daha hansı artımlar gözlənilir?
Cəmiyyət
28.10.2025 11:22
“Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanuna təsdiqlədiyi dəyişikliklərə uyğun olaraq, Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslər üçün yeni qida normalarını müəyyənləşdirib. Yeni qərara əsasən, tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları, eləcə də sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün orta sutkalıq qida normaları təsdiqlənib”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, dəyişikliklərə qədər sosial sahəyə aid müəssisələr üçün belə normaların təsdiqi qanunvericilikdə nəzərdə tutulmurdu və bu həmin müəssisələrin institusional imkanlarını məhdudlaşdırırdı:
“Yeni qərar bu boşluğu aradan qaldırdı. Artıq sosial sahəyə aid müəssisələrdə də qida normalarının təsdiqi ilə bu istiqamətdə vahid mexanizm formalaşdırılıb. Bu, dövlətin sosial siyasətinin daha səmərəli icrasına imkan verəcək”.
Parlamentari bildirib ki, yeni normalar tibb, təhsil və sosial müəssisələrə dövlət büdcəsindən daha çox vəsait ayrılmasını təmin edəcək:
“Yeni təsdiq edilən qida normaları dövlət büdcəsində bu sahələrə ayrılan vəsaitin artmasına səbəb olacaq. Bu isə həmin müəssisələrin fəaliyyətinin səmərəliliyini və sosial təminat səviyyəsini yüksəldəcək”.
Deputat qeyd edib ki, qərar müasir iqtisadi çağırışlar və xərclər nəzərə alınmaqla hazırlanıb:
“Yeni normalar vətəndaşların sosial rifahına birbaşa təsir göstərəcək. Müəssisələrdə xidmət alan vətəndaşlar üçün daha keyfiyyətli qida təminatı formalaşacaq, bu da xidmətin ümumi keyfiyyətinin artmasına gətirib çıxaracaq”.
Vüqar Bayramov hesab edir ki, bu qərar dövlətin sosial siyasətində mühüm mərhələ olacaq və sosial təminat sisteminin dayanıqlığını gücləndirəcək.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Normalar,Artım,Todaypress.tv,
