Məcburi köçkünlərin qarşısında iki seçim var - DEPUTAT
Cəmiyyət
05.09.2025 17:21
Son vaxtlar məcburi köçkünlərin Qarabağa qayıtması məsələsi gündəmdədir.
Belə ki, qaçqınlar və məcburi köçkünlər müvəqqəti yerləşdikləri ev və yataqxanalardan çıxmaq istəmirlər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə məcburi köçkünlərin yaşayış məsələsinə və azad olunan torpaqlara köçürülmə prosesinə münasibət bildirib.
Onun sözlərinə görə, bu məsələ ətrafında süni ajiotaj yaratmaq düzgün deyil və hər kəs çıxışlarında daha diqqətli olmalıdır.
"Məcburi köçkünlərin qarşısında iki seçim var: ya dövlətin onlara vaxtilə təqdim etdiyi evləri təhvil verərək azad olunan bölgələrə köçməli, ya da bu addımı atmaq istəmədikləri təqdirdə həmin evlərdən çıxmalıdırlar. Bu, tamamilə normal bir tələb və qaydadır. Mən hesab edirəm ki, hər bir qarabağlı, hər bir Şərqi Zəngəzurlu özü maraqlı olmalıdır, özü doğma yurduna getməlidir. Bunun üçün heç bir məcburiyyət olmamalıdır. Bu gün insanlarımız canla-başla öz yurdlarına qayıdırlar".
Parlamentari bəzi hallarda müəyyən şəxslərin bu məsələdən sui-istifadə etməyə çalışdığını, süni narazılıq yaratmaq cəhdlərinə yol verdiyini də vurğulayıb.
O bildirib ki, məcburi köçkünlərin geri qayıdışı milli prioritetdir və dövlət bu istiqamətdə ardıcıl iş aparır.
Millət vəkili əlavə edib ki, əgər Ermənistan vaxtında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı məskunlaşdırma apara bilsəydi, bu ərazilərin azad edilməsi daha çətin olardı:
"Bu gün biz həmin torpaqları azad etmişik və artıq öz insanlarımızı həmin ərazilərdə yerləşdiririk. Qarşıdakı dövrdə azad olunmuş ərazilərdə məskunlaşma prosesi daha da genişlənəcək və dövlət bu istiqamətdə bütün zəruri addımları atacaq", - deyə Ceyhun Məmmədov fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Qarabağ,Məcburi köçkün,Ceyhun Məmmədov,Qayıdış,Todaypress.tv,