Əhalinin sosial təminatı gücləndirilir: Tələbə təqaüdlərində ciddi artım
Cəmiyyət
25.07.2025 11:30
Azərbaycan Prezidenti doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması ilə bağlı Sərəncam imzalayıb.
Bu sənəd ölkədə əhalinin sosial təminatının gücləndirilməsinin prioritet olduğunu və Prezidentin siyasətində vətəndaş rifahının təmin olunmasının əsas prinsip kimi müəyyənləşdirildiyini bir daha təsdiqləyir. Təqaüdlərin artırılması bu ildən icrasına başlanılan beşinci sosial paketin əsas istiqamətlərindən biridir.
TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni sosial paket 3 milyon vətəndaşı əhatə edir və bu məqsədlə əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq.
Ümumilikdə isə bu il dövlət büdcəsindən sosial istiqamətə 16,9 milyard manat vəsait yönəldiləcək.
Deputatın sözlərinə görə, təqaüdlərin artırılması vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, ölkədə insan kapitalının inkişafını stimullaşdıran mühüm sosial addımdır.
"Yeni sənədə əsasən, doktorantura səviyyəsi üzrə:
Elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat,
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə:
Akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat,
Akademik göstəriciləri 71–90 bal olan tələbələrə – 180 manat,
Akademik göstəriciləri 51–70 bal olan tələbələrə – 120 manat;
Bakalavriat səviyyəsi üzrə (əsas (baza ali) tibb təhsili daxil olmaqla):
Akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat,
Akademik göstəriciləri 71–90 bal olan tələbələrə – 160 manat,
Akademik göstəriciləri 51–70 bal olan tələbələrə – 110 manat;
Orta ixtisas təhsili müəssisələrində:
Akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat,
Akademik göstəriciləri 71–90 bal olan tələbələrə – 90 manat,
Akademik göstəriciləri 51–70 bal olan tələbələrə – 70 manat;
Peşə təhsili müəssisələrində (yüksək texniki peşə təhsili səviyyəsi daxil olmaqla):
Akademik göstəriciləri “5” (91–100 bal) olan tələbələrə – 110 manat,
Akademik göstəriciləri “4” və “5” (71–90 bal) olan tələbələrə – 90 manat,
Akademik göstəriciləri “3”–“5” (51–70 bal) olan tələbələrə – 70 manat təqaüd veriləcək".
Vüqar Bayramov qeyd edib ki, təqaüdlərin artırılması vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımından da mühüm addımdır.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Tələbə,Təqaüd,Todaypress.tv,
