Elşad Miri: "Din biznes yeri deyil, satılan din artıq həmin adamların deyil"

Cəmiyyət

08.10.2025 13:41

"Din heç bir halda qazanc və satış məkanı kimi təqdim edilməməlidir". 

Bunu ilahiyyatçı Elşad Miri TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, kiminsə dini dəyərləri və ibadətlə bağlı simvolları maddi gəlir məqsədilə satması artıq həmin dəyərlərin mənəvi mahiyyətini itirməsi deməkdir:

"Əgər bir şey satırsansa, artıq o sənin deyil, alanındır. Təəssüflər olsun ki, bu gün insanlar dinlərini satırlar. Satılan din artıq onların yox, alanların olur. Dünyanın bir çox yerlərində din adı ilə müxtəlif əşyaların satılması adi hal alıb. Məsələn, Hinduizmin və Buddizmin yayıldığı ölkələrdə müxtəlif ağaclardan və buğda saplağından hazırlanmış təsbehlər, dəmir qəpiklər satılır. İnsanlar onları müəyyən yerlərə ataraq dualarının qəbul olunacağına inanırlar. Xristianlıqda isə kilsələrdə şamların satılması geniş yayılıb. Bu həm duaların Tanrıya təqdim edilməsi, həm də İsanın dünyaya gətirdiyi işığı, qaranlığı dağıdan gücü təmsil edir".

İlahiyyatçı bildirib ki, keçmişdə şam yandırmaq həm də bir fədakarlıq və kilsəyə dəstək rəmzi idi, çünki şam hazırlamaq baha başa gəlirdi. Lakin bu gün həmin mənəvi simvol ticarət predmetinə çevrilib:

"İslamda isə vəziyyət fərqlidir. Məscidlər satış yeri deyil. Onlar insanların problemlərinin aradan qaldırılması, ibadət, təlim və birliyə çağırış məkanıdır. Peyğəmbər dövründə məscidlər həm qonaq qəbul edilən, həm görüş yeri, həm də məktəb kimi istifadə olunurdu. Məsələn, Əshabi-süffə bunun nümunəsidir".

Elşad Miri hazırda bəzi məscidlərin yalnız nəzir, sədəqə və kəbin pulu toplamaq üçün istifadə edilməsini tənqid edib:

"Təəssüf ki, bu gün məscidlərdə ibadətdən çox pul toplanır, amma o yerlərin mənəvi mahiyyəti boş qalıb. Hətta məscidlərin yanında tikilən ehsan yerlərinin İslamla heç bir əlaqəsi yoxdur", - deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bir çox din ocaqları ziyarətə gələn insanlara əşyalar sataraq vəsait əldə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elşad Miri,İlahiyyatçı,Din,Biznes,Todaypress.tv,