İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər
Bakıda və digər iri şəhərlərdə parklanma yerlərinin azlığı sürücülərin ən çox üzləşdiyi problemlərdən biridir. Mövcud yerlərin bir hissəsinin isə avtomobillərin düzgün park edilməməsi səbəbindən istifadədən çıxması narazılıq yaradır. Bəzən sürücülər avtomobillərini nişanlanma xətlərini keçərək saxlayır və bununla da faktiki olaraq iki parklanma yerini tutur. Bu halda sürücünün əlavə ödəniş etməli olub-olmaması və hansı mexanizmlərin tətbiq edilə biləcəyi müzakirə mövzusudur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib ki, belə hallar ilk növbədə parklanma mədəniyyətinin və nəzarət sisteminin təkmilləşdirilməsinin vacibliyini göstərir.

Onun sözlərinə görə, avtomobili nişanlanma xətlərindən kənarda saxlamaq digər sürücülərin qanuni parklanma hüququnu məhdudlaşdırır:
"Parklanma mədəniyyəti və parklanma yerlərindən düzgün istifadəyə nəzarət vacibdir. Problem təkcə avtomobilin əyri saxlanılmasında deyil, məhdud parklanma resursundan səmərəsiz istifadədədir. Bir sürücü bir avtomobil üçün nəzərdə tutulan parklanma sahəsindən səmərəsiz istifadə etməklə faktiki olaraq iki parklanma yerini zəbt edə və digər sürücünün qanuni parklanma imkanına mane ola bilər. Mən hesab edirəm ki, belə hallarda nəzarət mexanizmi daha konkret və çevik işləməlidir".
Ekspertin fikrincə, parklanma xətləri tövsiyə xarakterli deyil, yol nişanlanmasının tərkib hissəsi kimi qəbul olunmalıdır.
"Parklanma ərazilərində çəkilən xətlər sadəcə tövsiyə xarakterli element kimi qəbul edilməməli, nəqliyyat vasitələrinin nizamlı yerləşdirilməsini təmin edən yol nişanlanması kimi nəzərə alınmalıdır. Əgər avtomobil parklanma yerinin hüdudlarını pozaraq yerləşdirilibsə, bu hal foto və ya video vasitəsilə qeydə alına, nəzarət əməkdaşı tərəfindən sənədləşdirilə və qanunvericilikdə əsas olduğu halda inzibati tədbir tətbiq oluna bilər. Çox vacib hüquqi məqam var. Sürücüdən sadəcə "iki yer tutmusan" deyərək özbaşına ikiqat parklanma haqqı almaq olmaz. Parklanma ödənişi və inzibati məsuliyyət yalnız qanunvericilikdə müəyyən edilmiş əsas və mexanizmlərlə tətbiq edilməlidir. Mövcud hüquqi mexanizm buna imkan vermirsə, "iki parklanma yerini tutduğuna görə iki avtomobilin pulu alınsın" prinsipi avtomatik şəkildə tətbiq edilə bilməz".
Adil Nəbiyev hesab edir ki, gələcəkdə bu sahədə ağıllı texnologiyaların tətbiqi ilə daha effektiv nəzarət sistemi qurmaq mümkündür.
"Ağıllı kameralar və süni intellekt əsaslı sistemlər vasitəsilə avtomobilin parklanma xətlərinə münasibətdə mövqeyi avtomatik müəyyən edilə bilər. Sistem avtomobilin bir neçə parklanma sahəsini zəbt etdiyini qeydə aldıqda sürücüyə mobil tətbiq üzərindən xəbərdarlıq göndərilə, müəyyən qısa müddət ərzində avtomobilin düzgün yerləşdirilməsi tələb oluna bilər. Bu yanaşmanın məqsədi sürücüdən daha çox pul almaq yox, məhdud parklanma resursundan ədalətli və səmərəli istifadəni təmin etmək olmalıdır. Xüsusilə Bakı kimi parklanma yerlərinə tələbatın yüksək olduğu şəhərdə bir avtomobilin iki yeri zəbt etməsi sadə diqqətsizlik kimi qiymətləndirilməməlidir".
O əlavə edib ki, ən optimal model sürücüyə əvvəlcə pozuntunu aradan qaldırmaq imkanı verməkdir.
"Mənim fikrimcə, ən düzgün mexanizm "xəbərdarlıq – qısa düzəliş müddəti – təkrar qeydəalma – məsuliyyət" prinsipi ola bilər. Sürücüyə əvvəlcə avtomobilini xətt daxilində düzgün saxlamaq imkanı verilməli, pozuntu aradan qaldırılmadıqda isə konkret hüquqi norma əsasında tədbir görülməlidir. Əks halda, parklanma yerlərinin sayını nə qədər artırsaq da, onlardan düzgün istifadə mədəniyyətini və effektiv nəzarəti formalaşdırmasaq, mövcud parklanma sahələrinin bir hissəsini elə sürücülərin yanlış davranışı nəticəsində itirmiş olacağıq", - deyə A.Nəbiyev fikrini tamamlayıb.
Türkan İsgəndərli