Hörmüz boğazının bağlanması Azərbaycana necə təsir edəcək?
Cəmiyyət
23.06.2025 14:33
“Neftin bahalaşması Azərbaycana həm gəlir, həm də inflyasiya gətirə bilər”.
İqtisadçı Akif Nəsirli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması dünya üzrə neft təklifini təxminən 20–25% azalda bilər. Bu da qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olacaq.
"Bunun müsbət tərəfi odur ki, Azərbaycan üçün neftin bahalaşması ilkin mərhələdə gəlirlərin artması deməkdir. Satılan neftin qiymətinin yüksəlməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olacaq. Yəni, neft ixracatçısı kimi Azərbaycan bu bahalaşmadan qazanclı çıxa bilər".
Digər tərəfdən isə ekspert xəbərdarlıq edib ki, enerji qiymətlərinin qalxması təkcə neftlə bitmir. Neft iqtisadiyyatda əsas aparıcı amillərdən biridir və onun bahalaşması digər məhsulların maya dəyərinə də təsir edir. Yəni, bu proses ümumilikdə dünyada inflyasiyanı sürətləndirə bilər.
"Azərbaycan iqtisadiyyatı yüksək səviyyədə idxaldan asılıdır. Dünyada qiymətlər qalxdıqca, Azərbaycana idxal edilən mallar da bahalaşacaq. Bu isə neftdən əldə edilən əlavə gəlirlərin idxal zamanı əriyib getməsi ilə nəticələnə bilər. Artıq bu ilin birinci yarısında ölkənin xarici ticarət balansında mənfi saldo qeydə alınıb. Bu, illər sonra ilk belə haldır ki, Azərbaycan daha çox idxal edir, nəinki ixrac", - deyə o diqqətə çatdırıb.
Akif Nəsirlinin fikrincə, neftin qiymət artımı Azərbaycana qısamüddətli dövrdə müsbət təsir etsə də, orta və uzunmüddətli perspektivdə inflyasiya və idxalın bahalaşması səbəbindən ümumi iqtisadi tarazlığı poza bilər. Bu isə nəticə etibarilə iqtisadiyyatın daha dərin struktur problemləri ilə üzləşməsi deməkdir.
Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması barədə qərar qəbul edib. Bu halda yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verməlidir. Dünya üzrə neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi bu boğazın bağlanması isə qlobal iqtisadiyyata ağır zərbə ola bilər.
Töhfə Səməd
tag: Akif Nəsirli ,Ekspert,Hörmüz,Azərbaycan,todaypress.tv,
