“Həmin sınıq-salxaq avtobuslar üçün gedişhaqqını artırırsınız?” – Ekspert OD PÜSKÜRDÜ
Cəmiyyət
29.08.2025 17:43
Son günlər ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətin haqlı narahatlığına səbəb olub. Sosial rifahın hər qəpiyə bağlı olduğu bu reallıqda məsələni yalnız iqtisadi arqumentlərlə izah etmək kifayət deyil.
Etiraf etmək lazımdır ki, hər hansı qiymət artımı, xüsusilə də ictimai xidmətlərdə, istənilən cəmiyyətdə heç vaxt müsbət qarşılanmır. Bu, nə təkcə Azərbaycana, nə də digər ölkələrə aiddir. Bu, qlobal sosial psixologiyadır. Amma hər artımın da iqtisadi əsaslandırması olmalıdır. Əgər gedişhaqqı artırılırsa, bu zaman sual yaranır ki, nəyə əsaslanaraq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, əvvəla, bu gün ictimai nəqliyyatda gedişhaqqının artacağı deyilsə də, bu artımı sübut edən ciddi göstəricilər mövcud deyil.
Yanacaq qiymətlərində nəzərəçarpacaq bir bahalaşma yoxdur. Əksinə, beynəlxalq bazarlarda stabillik müşahidə olunur və daxildə də hər hansı kəskin dəyişiklik baş verməyib.
“Əgər qiymət artımı nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədi daşıyırsa, bu iddianı da dəstəkləyən real addımlar göz önündə olmalıdır. Lakin biz bunu görmürük. Bakının və ətraf qəsəbələrin bir çoxunda hələ də köhnə, müasir tələblərə cavab verməyən, sınıq-salxaq avtobuslar fəaliyyət göstərir. Tam modernləşmə hələ baş tutmayıb. Hətta qismən uzaq da görünür. Bəs onda hansı əsasla qiymətlər artırılır? Ümumiyyətlə, yanacağın bizdən daha baha satıldığı ölkələr var ki, gedişhaqları ucuzdur. Ona görə də bu meyar da qiymətlərin artırılmasına əsas vermir”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, qeydiyyatı və istismarı üçün şəffaf və nisbətən əlçatan mexanizmlər mövcuddur. “ASAN İmza”, gömrük prosedurları və dövlətin logistik təşviqləri bu prosesi asanlaşdırır. Yəni nəqliyyat sektorunun “xərc içində boğulması” kimi bir bəhanəyə əsas yoxdur:
“Daha yüksək qiymət – daha yüksək keyfiyyət prinsipi yalnız real islahatlarla mümkündür. Yalnız qiyməti artırmaqla nə xidmət yaxşılaşacaq, nə də sərnişinlər razı qalacaq. Əksinə, bu cəmiyyətin sosial narazılığını dərinləşdirə bilər.
Maksimum 10-15 qəpik arasında simvolik artım texniki baxımdan başadüşülən ola bilər. Amma 50%, 70% və ya daha artıq bahalaşma iddiaları tamamilə əsassızdır və ictimai rəyə ziddir. Əgər doğrudan da müasir, təhlükəsiz və rahat ictimai nəqliyyat istəyiriksə, bu yükü yalnız sərnişinin çiyninə yükləmək çıxış yolu deyil. Əks halda bu artım cəmiyyətin rifahına deyil, yalnız etimadsızlığa xidmət etmiş olacaq”.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov son günlər aparılan müzakirələrə aydınlıq gətirib. O bildirib ki, gedişhaqqı məsələsi cəmiyyətdə daim müzakirə olunur, amma hazırda konkret məlumat yoxdur:
"Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn, aylıq kartlar, təksəfərlik kartlar, məsafədən asılı olan ödənişlər, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar və sair. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələ ki yekun qərar yoxdur".
Töhfə Səməd
tag: Aslan Əsədov,Ekspert,Avtobus,Gedişhaqqı,Todaypress.tv,
