Əvvəlcə dünyanı, indi avtobusları... – Qadınların idarəetməsi nələri dəyişəcək?

Cəmiyyət

19.05.2025 17:45

92

“BakuBus” MMC qadın sürücülər üçün vakansiya elan edib. Şirkət, qadınları sükan arxasına dəvət edərək, onlara bu sahədə fəaliyyət göstərmək imkanı təqdim edir. 

Nəqliyyat eksperti Raqif Raufoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, bu istiqamətdə artıq addımlar atılır və qadın sürücülər bu sahədə çalışmaq üçün hazırlanacaq.

“Artıq qadın sürücülər var və bu sahədə fəaliyyət göstərirlər. Onlara avtobusların idarə olunması etibar edilməmişdən əvvəl müvafiq təlimlər keçiriləcək. Bu, müəyyən təcrübə tələb edən bir sahədir və proses də məhz bu tələblər əsasında həyata keçiriləcək"

Ekspertin sözlərinə görə, belə təşəbbüslər qadınlar üçün stimul ola bilər və beynəlxalq təcrübə göstərir ki, metro və iri tutumlu nəqliyyat vasitələrini idarə edən qadınlar kifayət qədərdir. 

"Əsas məsələ ondan ibarətdir ki, bu sahədə çalışan xanımlar psixoloji və fiziki yüklənməyə nə dərəcədə tab gətirə biləcəklər. Çünki fasiləsiz idarəetmə və sərnişinlərlə münasibətlər bəzən çətinliklər yarada bilər. Lakin mən bunun ciddi problem yaradacağını düşünmürəm. Əksinə, bu addım həm qadın məşğulluğu baxımından, həm də xidmətin keyfiyyətinin artırılması baxımından müsbət nəticələr verə bilər" deyə o yekunlaşdırıb. 

Türkan İsgəndərli

tag: Raqif Raufoğlu,Ekspert,BakuBus,Qadın Sürücü,Todaypress.tv,

photo