Elşad Miri: “İslamda Məhərrəmlikdə toy etməməklə bağlı qadağa yoxdur”
Cəmiyyət
23.06.2025 14:43
Məhərrəmlik ayının dini mahiyyəti və bu ayda müşahidə olunan adətlər zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəzi insanlar bu ayda toy etməkdən çəkinir, bəziləri isə özlərini zəncir və digər vasitələrlə vuraraq qan çıxarırlar. Bəs bu inanclar hansı dini əsaslara söykənir?
İlahiyyatçı Elşad Miri TodayPress TV-yə açıqlamasında bildirib ki, Məhərrəm ərəblərin təqviminə görə sadəcə ay adıdır və bu ayda toy etməməklə bağlı Qurani-Kərimdə və ya İslam dinində hər hansı qadağa mövcud deyil.
Onun sözlərinə görə, bu, daha çox adət-ənənə ilə bağlı məsələdir.
"İslam dinində Məhərrəmlik ayında toy edib-etməməklə bağlı bir qadağa, yaxud tövsiyyə yoxdur. Həmin ayda toy etməməyi yalnız bəzi müsəlmanlar adət halına gətiriblər".
Elşad Miri həmçinin vurğulayıb ki, Məhəmməd Peyğəmbər əvvəlki peyğəmbərlərin şəhadətinə yas saxlamış olsa da, heç vaxt özünü döyməyib və bu cür davranışları müsəlmanlara tövsiyə etməyib:
"Quranda da açıq şəkildə bildirilir ki, insan özünü təhlükəyə atmamalıdır. Özünü zəncirləmək, bədənə xəsarət yetirmək dini baxımdan yolverilməzdir və bu, Allahın buyruqlarına ziddir", - deyə Elşad Miri fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Elşad Miri,İlahiyyatçı,İslam,Məhərrəmlik,Todaypress.tv,