Dəniz faciələrinin əsas səbəbləri bunlardır - XƏBƏRDARLIQ
Cəmiyyət
24.06.2025 12:37
“Yay mövsümündə dənizdə baş verən faciələrin əksəriyyəti qarşısı alına biləcək səhvlərə görə baş verir”.
Təhlükəsizlik eksperti Orxan Musayev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəniz istirahəti insanların ən çox üstünlük verdiyi məkanlardan biri olsa da, bu gözəl məkanda təhlükə hər an baş verə bilər:
“Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul olunur. Halbuki bu hallar çox təhlükəlidir və bəzən həyatla nəticələnə bilər. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Bu cür çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyətləri fəaliyyət göstərir və hər hansı fövqəladə hal zamanı çevik müdaxilə etmək mümkündür”.
Mütəxəssiz bildirib ki, nəzarətsiz çimərliklərdə isə bu imkan olmadığından, baş verən qəzalarda çox zaman insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən olunub, daş-qaya kimi təhlükəli əşyalar təmizlənib.
O diqqətə çatdırıb ki, dənizə girməzdən əvvəl hava durumu, küləyin gücü və dalğanın hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə bu amillər səbəbilə özlərini itirə bilirlər.
Orxan Musayev qeyd edib ki, maarifləndirici və təbliğat işləri daha da gücləndirilməlidir. İnsanlar yalnız "dalğa var, suya girmə" xəbərdarlığı ilə kifayətlənməməli, eyni zamanda bu dalğaların və su axınlarının insan bədəninə necə təsir etdiyini də bilməlidirlər:
"Axına düşəndə bədəndə nə baş verir, boğulma zamanı hansı fizioloji dəyişikliklər olması barədə insanlar məlumatlı olmalıdır. Çimərliklərdə qaydaları pozanlara qarşı həm ictimai qınaq, həm də inzibati cərimələr tətbiq olunmalıdır ki, bu halların qarşısı alınsın. Boğulma hadisələri çox zaman səssiz və ani baş verir. Bu cür faciələrin hər il təkrarlanmasının əsas səbəbi ehtiyatsızlıq və "heç nə olmaz" düşüncəsidir".
O. Musayev xəbərdarlıq edib ki, insanlar təhlükəni dərk etməli və dənizdə davranışlarına daha ciddi yanaşmalıdırlar.
Türkan İsgəndərli
tag: Orxan Musayev,Ekspert,Dəniz,Faciə,Todaypress.tv,
