Bu şəxlərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək — AÇIQLANDI
Cəmiyyət
14.10.2025 17:48
“Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrinin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək:
“Digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır. Belə ki, qərarla agentlik “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımını 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddətini əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirilib”.
Parlamentari əlavə edib ki, bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərin məqsədi işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi, Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Dövlət,Ödəniş,Todaypress.tv,
