Göbələkdən zəhərlənmə halları artır: Nələrə diqqət etməliyik?
“Göbələk bir neçə riskli məhsuldan biridir. Yerlə birbaşa təmasda olduğu üçün təhlükəli bakteriyaları özündə toplayır. İnsanlar göbələyi kifayət qədər tanımadan və düzgün sterilizasiya etmədən bişirirlər ki, bu da zəhərlənmə hallarına səbəb olur. Dünyada üç mindən çox göbələk növü mövcuddur və onların bir qismi insan sağlamlığı üçün ciddi təhlükə yaradır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəhərlənmə halı təkcə vəhşi təbiətdə deyil, hətta parnik şəraitində yetişdirilən göbələklərdə də müşahidə oluna bilər.
O, göbələkdən mümkün qədər az istifadə edilməli olduğumuzu vurğulayıb.
Eyyub Hüseynov həmçinin qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir, lakin cəmiyyətin bu sahədə məlumatlılığı hələ də kifayət qədər deyil.
Qeyd edək ki, Ağdam sakini göbələkdən zəhərlənərək ölüb. Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.
Türkan İsgəndərli
tag: Göbələk ,Zəhərlənmə,Eyyub Hüseynov ,Ağdam,Todaypress.tv,
