Bölgələrdə torpaq sürüşmələrinə qarşı hansı tədbirlər görülür?

Cəmiyyət

01.12.2025 12:15

Yağış sularının çoxalması rayonlarda, eləcə də paytaxtın bir sıra ərazilərində torpaq sürüşmələrinə səbəb olur. Bu isə həm insanların təhlükəsizliyi, həm də infrastruktur üçün ciddi risklər yaradır. Nəticədə bölgələrdə nəqliyyatın işində çətinliklər yaranır, yaşayış məntəqələri üçün təhlükə artır və ətraf mühitə ziyan dəyir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Cavid Hüseynov bildirib ki, yağış və qar suları torpaqdakı çatlara nüfuz edərək hidrostatik təzyiq yaradır, torpağın möhkəmliyini azaldır və bununla da kütlənin sürüşmə aktivliyini və hərəkətliliyini artırır.


Onun sözlərinə görə, sürüşmə riskinin yüksək olduğu ərazilərdə bu proseslərin aktivləşməsi kommunal xidmətlər, yollar, magistral boru kəmərləri və elektrik xətlərinin sıradan çıxmasına, həmçinin yaşayış və sənaye binalarının dağılmasına səbəb ola bilər.

"Su və kanalizasiya şəbəkələrinin zədələnməsi içməli suyun keyfiyyətinin pisləşməsinə, sanitar vəziyyətin zəifləməsinə və müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Torpaq sürüşmələri həmçinin kənd təsərrüfatı torpaqlarının itirilməsinə və təbii ekosistemlərin məhvinə səbəb ola bilir".

Ekoloq vurğulayıb ki, sürüşmələrin qarşısının alınması üçün dərin köklü bitkilərin əkilməsi kimi təbii həllər, eləcə də istinad divarları və drenaj sistemlərinin qurulması kimi mühəndis tədbirlərinin birlikdə tətbiqi vacibdir.

"Digər əsas tədbirlərə su axınının idarə olunması, meşələrin qırılmasının məhdudlaşdırılması, torpaqdan təhlükəsiz istifadə planlarının hazırlanması və düzgün tikinti təcrübələrinin tətbiqi daxildir", - deyə Cavid Hüseynov qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Cavid Hüseynov,Ekoloq,Torpaq,Sürüşmə,Todaypress.tv,