Bir iynə, bir həyat: Evdə edilən tibbi müdaxiləyə kim cavabdehdir?

Cəmiyyət

23.01.2026 15:00

Bakıda ev şəraitində vurulan iynədən sonra ölüm hadisəsi baş verib. Belə ki, səhhətində problem olan şəxsə ailə üzvü tərəfindən antibiotik iynəsi vurulub, nəticədə vəziyyəti ağırlaşıb.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla TodayPress TV-yə bildirib ki, bu cür hadisələrin kökündə qanunvericilikdəki boşluqlar və köhnəlmiş yanaşmalar dayanır. 


Onun sözlərinə görə, ev şəraitində edilən inyeksiyalar az rast gəlinən hallar deyil və əslində bu tip bədbəxt hadisələrin sayı düşündüyümüzdən xeyli çoxdur:

"Xüsusilə antibiotiklərin və venadaxili inyeksiyaların evdə tətbiqi son dərəcə təhlükəlidir. Belə hallarda gözlənilməz allergik və ya anafilaktik reaksiyalar yarana bilər və ev şəraitində bunun qarşısını almaq mümkün olmur. Təsəvvür edin, cavan bir uşağa evdə antibiotik vurulur və dünyasını dəyişir. Ailə üçün bu nə deməkdir?". 

Professor əlavə edib ki, dünyanın əksər ölkələrində evdə inyeksiya edilməsinə icazə verilmir və bu, ciddi hüquqi məsuliyyət yaradır. Onun fikrincə, Azərbaycanda bu praktikanın sovet dövründən qalma bir vərdiş kimi davam etməsi və bir çox hallara göz yumulması bu cür faciələrin baş verməsinə şərait yaradır:

"Ev şəraitində inyeksiyaların, xüsusilə antibiotik iynələrinin tətbiqi qadağan edilməli və bu məsələ hüquqi müstəvidə tənzimlənməlidir. Eyni zamanda “Həkim Etikası Kodeksi” haqqında ayrıca qanunun qəbul olunması vacibdir. Bu cür hallara hüquqi məsuliyyət tətbiq edilmədikcə, oxşar hadisələrin qarşısını almaq çətin olacaq".

Sosioloq Elçin Bayramlı TodayPress TV-yə açıqlamasında bildirib ki, insanlar bir çox hallarda özləri tədbir görməyə, tibbi müdaxilə etməyə çalışırlar. Bunun isə müxtəlif səbəbləri var:


"Maddi imkanların məhdud olması və ya həkimin gec gələ biləcəyi ehtimalı bu səbəblər sırasındadır. Məhz buna görə də bu cür hallar bəzən obyektiv səbəblərdən irəli gəlir. Lakin hər bir halda insanlar anlamalıdırlar ki, tibbi müdaxilələr yalnız ixtisaslı həkim tərəfindən təyin və həyata keçirilə bilər. Özbaşına şəkildə başqasının həyatına müdaxilə etmək olmaz, hətta bu, ailə üzvü olsa belə. Xəstənin sağlamlıq vəziyyətini dəqiq bilmədən, orqanizmində hansı proseslərin getdiyini aydınlaşdırmadan dərman preparatı, iynə və ya digər vasitələrin verilməsi təhlükəlidir və əks-təsir göstərə bilər. Çünki bəzi hallarda müəyyən müdaxilələrin tətbiqi orqanizmin konkret vəziyyətlərində qadağandır".

Ekspert vurğulayıb ki, xüsusilə antibiotiklər ümumilikdə təhlükəli vasitələr hesab olunur. Onlar immuniteti zəiflədə, orqanizmi gərgin vəziyyətə sala və bəzi xəstəliklərdə, xüsusilə də şok hallarında ağır əks-reaksiyalara səbəb ola bilər:

"Buna görə də insanlar maarifləndirilməli və bilməlidirlər ki, həkimin icazəsi olmadan xəstəyə hər hansı tibbi müdaxilə etmək olmaz. Yalnız tam çıxılmaz vəziyyətlərdə yüngül təsirli dərmanların verilməsinə icazə verilə bilər. Əgər hadisə ucqar bir ərazidə baş veribsə, həkimin gec gələcəyi ehtimalı varsa və xəstəni xəstəxanaya çatdırmaq mümkün deyilsə, ilkin tibbi yardım çərçivəsində təhlükəsiz və icazə verilən dərmanlardan istifadə oluna bilər. “Məndə də belə olmuşdu, bunu içdim, düzəldi” kimi yanaşmalar qətiyyən doğru deyil. Çünki eyni əlamətlər çox fərqli xəstəliklərin göstəricisi ola bilər".

Mütəxəssisin fikrincə, tibbi xidmətin keyfiyyəti də artırılmalıdır. Həkim çağırılan zaman təcili tibbi yardım daha operativ şəkildə çatmalı, xəstəxanalar isə xəstələri vaxtında və gecikmədən qəbul etməlidir. Tibbi sığorta sisteminin bu ildən etibarən bəzi şəxslərə şamil olunmaması isə bu cür halların artmasına səbəb ola bilər:

"Savadsızlıq, məsuliyyətsizlik və biganəlik yüngül qəbul edilməməlidir. "Heç nə olmaz" düşüncəsi ilə özbaşına kiməsə iynə vurmaq ciddi məsuliyyət tələb edir. Belə hallara yol verən şəxslər cəzalandırılmalıdır ki, bu, digərləri üçün də dərs olsun. Məsələyə iki əsas istiqamətdən yanaşmaq lazımdır. Bunlar tibbi xidmətin yaxşılaşdırılması və sürətləndirilməsi, həmçinin insanların maarifləndirilməsidir. Bu iki istiqamətdə düzgün və ardıcıl iş aparılarsa, belə halların sayı minimuma enə bilər", – deyə Elçin Bayramlı fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Qeybulla,Professor,Elçin Bayramlı,Sosioloq,Todaypress.tv,