Bakıda kirayə mənzillər bahalaşıb – RƏSMİ

Cəmiyyət

11.07.2025 16:38

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc TodayPress TV-yə açıqlamasında bildirib ki, bu proses həm Bakı Şəhəri Baş Planı 2040 sənədində nəzərdə tutulan söküntülərlə, həm də mövsümi olaraq abituriyent axını ilə bağlıdır.   

Ekspertin sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində artıq söküntü işlərinə start verilib və bu çərçivədə 197 qəzalı bina aktlaşdırılıb. Bu binalarda yaşayan sakinlər məcburən kirayə mənzil bazarına üz tutur və bu da təklifə nisbətən tələbin artmasına səbəb olur.

“Bundan əlavə, hər il 50 mindən çox abituriyent tələbə adını qazanır və onların böyük əksəriyyəti Bakı şəhərində təhsil almağa gəlir. Regionlardan gələn bu gənclər də kirayə mənzil axtarışına başlayır. Bu isə bazara əlavə təzyiq yaradır və qiymətləri yüksəldir”.

İqtisadçı qeyd edib ki, hazırda kirayə bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 10-12% civarında artım müşahidə olunur:

“Köhnə tikililərdə bir otaqlıdan iki otaqlıya çevrilmiş mənzillər 500-550 manat aralığında, yeni binalarda isə 600-650 manatdan başlayaraq təklif olunur. Avqustun əvvəllərində qiymətlərin daha da yüksələcəyi gözlənilir. Xüsusilə də sahəsi böyük mənzillər bir neçə tələbə tərəfindən birgə kirayəyə götürülür. Belə olan halda, adambaşına düşən ödəniş daha münasib olur”.

İqtisadçı hesab edir ki, yaranmış böhrandan çıxış üçün uzunmüddətli və sistemli addımlar atılmalıdır. Onun fikrincə, Türkiyədəki “yurd” modeli və ya beynəlxalq təcrübədəki kampus sistemi Azərbaycanda da tətbiq olunmalıdır:

“Dövlət hesabına və ya özəl sektor tərəfindən cüzi ödənişlə fəaliyyət göstərəcək yataqxanaların tikintisinə başlanmalıdır. Bu, kirayə bazarına olan təzyiqi azaldacaq və gənclərin təhsil imkanlarını genişləndirəcək. Əks halda, bəzi ailələr üçün övladlarını Bakıda təhsil almağa göndərmək mümkünsüz olacaq”, - deyə Vüqar Oruc fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Vüqar Oruc,İqtisadçı,Kirayə,Mənzil,Bahalaşma,Todaypress.tv,

photo