Aynur Sofiyeva: “Prezident İlham Əliyev və Mehriban Əliyevanın ailə nümunəsi hər birimiz üçün böyük mesajdır”
Cəmiyyət
28.10.2025 11:42
"Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın gücünün təməlində milli və ailə dəyərləri dayanır".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.
Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir:
"Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birliyi, bir-birinə olan sevgisi və ehtiramı hər bir ailə üçün örnəkdir. Bu, cəmiyyətimiz üçün çox önəmli bir mesajdır".
Aynur Sofiyeva qeyd edib ki, bu gün dünyada ailə institutuna yönələn təzyiqlər fonunda Azərbaycan ailə modelinin qorunması mühüm əhəmiyyət daşıyır:
"Biz vətəndaş cəmiyyəti olaraq dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olmalı, ailə dəyərlərimizin möhkəmlənməsi üçün çalışmalıyıq. Bu, həm ölkəmizin, həm də övladlarımızın gələcəyi baxımından həyati əhəmiyyət daşıyır. Ailə könüllüləri hərəkatı bu istiqamətdə yeni mərhələyə qədəm qoyub. Beş ildən sonra bu hərəkat yeni mərhələyə daxil olur. Biz inanırıq ki, ailə könüllüləri bu mərhələdə də bizimlə birgə olaraq ailə institutunun inkişafına öz töhfələrini verəcəklər. Dövlət Komitəsi hər zaman bu prosesdə sizin yanınızda olacaq".
Sədr müavini sonda vurğulayıb ki, xalqımızın daxilindəki xeyirxahlıq və vətənpərvərlik ruhu ailə dəyərlərinin qorunmasında əsas hərəkətverici qüvvədir.
Türkan İsgəndərli
tag: Aynur Sofiyeva,Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,
