Avtomobil almağa tələsin - BAHALAŞACAQ

Cəmiyyət

17.09.2025 15:32

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 381 milyon 385 min ABŞ dolları dəyərində 74 481 ədəd avtomobil idxal olunub. 

Bununla da idxal sayı ötən illəri keçib.

Bəs bu artım avtomobil qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, son 2-3 ildə ƏDV və gömrük güzəştləri nəticəsində Azərbaycana böyük həcmdə hibrid avtomobil idxal edilib. 

Onun sözlərinə görə, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV (18%) güzəşt müddəti başa çatır.

"Bu güzəşt ləğv ediləcəyi təqdirdə idxal olunan yeni hibridlərin qiyməti təxminən 15-20% artacaq. ƏDV bərpa olunarsa, yalnız vergi deyil, əlavə xərclər də (logistika, gömrük, marja) qiymətə təsir göstərəcək. Nəticədə isə alıcılar daha çox ikinci əl bazara üz tutacaq və bu da qiymətlərin artımına səbəb olacaq".

İqtisadçı əlavə edib ki, ikinci əl avtomobillərin bazarda bahalaşma miqyası güzəşt müddətinin uzadılıb-uzadılmaması, yeni avtomobil idxalının həcmi və əhalinin alıcılıq gücündən asılı olacaq.

"Möhlət uzadılmasa, ikinci əl hibrid avtomobillərin qiyməti orta hesabla 10-15% artacaq. Lakin idxal kəskin azalarsa, bahalaşma 20%-ə qədər yüksələ bilər", - deyə Akif Nəsirli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Akif Nəsirli,Ekspert,Maşın,Bahalaşma,Todaypress.tv,

photo