Avtobuslarda kondisionerlər niyə işləmir? – AYDINLIQ GƏTİRİLDİ

Cəmiyyət

20.06.2025 17:57

Hər il yayın gəlməsi ilə aktuallaşan problemlərdən biri də avtobuslarda kondisionerlərin işləməməsi və ya ümumiyyətlə olmamasıdır.  

Nəqliyyat eksperti Rauf Ağamirzəyev məsələ ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, ictimai nəqliyyatda istifadə olunan istənilən avadanlıq istismar edildikcə sıradan çıxa bilər. 

Onun sözlərinə görə, bu cür texniki risklərin minimuma endirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün daşıyıcı şirkətlərin maliyyə dayanıqlığının təmin olunması vacibdir.   

Ekspert həll yolunu brutto müqavilələrə keçiddə görür:

“Bu riskləri azaltmaq və keyfiyyətli xidmət təmin etmək üçün brutto müqavilələrə keçid vacibdir. Belə müqavilələr sürücülərə amortizasiya və digər xərcləri ödəməyə imkan verir, nəticədə xidmətin keyfiyyəti artır. Müqavilə sürücülərin sosial rifahının da yüksəlməsinə və nəqliyyat sistemində dayanıqlılığın təmin olunmasına səbəb olacaq”. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə TodayPress-in sorğusuna cavab bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq, avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi üçün tapşırıqlar verilir.

Türkan İsgəndərli

tag: Rauf Ağamirzəyev,Ekspert,Avtobus,Kondisioner,todaypress.tv,

photo